ABŞ Zərbxanası 2001-ci il 11 sentyabr terror hücumlarının 25-ci ildönümünü əbədiləşdirmək məqsədilə 50 sent nominalında yeni sikkə dövriyyəyə buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Maliyyə Nazirliyi yayıb.
Qurumun mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, maliyyə naziri Skott Bessent deyib:
"Biz həyatını itirənlərin xatirəsini ehtiramla anır və vətəndaşların həyatını xilas etmək üçün öz canını təhlükəyə atanların cəsarətini unutmuruq. Aradan 25 il keçməsinə baxmayaraq, verdiyimiz sözə sadiqik - heç vaxt unutmayacağıq".
Xatirə sikkələrinin istehsalı Pensilvaniya ştatının Filadelfiya şəhərində həyata keçirilib. Onun üzərində Azadlıq heykəli və "Heç vaxt unutmayacağıq. 9.11.01" yazısı həkk olunub. Bu sikkələri 20 və 100 ədədlik qablaşdırmalarda əldə etmək mümkündür və onların qiyməti müvafiq olaraq 40 və 100 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terror təşkilatının 19 üzvü ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirmişdi. Onlardan ikisi o dövrdə Nyu-Yorkun ən hündür binaları olan Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncüsü isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpılmışdı. Dördüncü hava gəmisi isə paytaxt istiqamətində yönəlsə də Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında qəzaya uğramışdı. Törədilmiş terror aktları nəticəsində ümumilikdə 2 977 nəfər həlak olmuşdu.