Masallı rayonunun Böyük Kolatan kəndinin sakinləri torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərin adına rəsmiləşdirildiyini iddia edirlər.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, yeni təyin olunan bələdiyyə sədri Rauf Cəbiyev çıxarışları olan torpaq sahələrini qonşu kənd sakinlərinin və öz qohumlarının adına rəsmiləşdirib.
Sakinlərdən biri bildirib ki, 1.5 hektar ərazidə çiyələk əkib, lakin hazırda öz torpaq sahəsinə daxil olmaqda çətinlik çəkir. Onun iddiasına görə, sahənin yaxınlığında qanunsuz tikili inşa edilib və həmin tikilidən çayxana kimi istifadə olunur.
Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı polisə müraciət edilib və tikinti işləri dayandırılıb. Onun sözlərinə görə, tikilinin bələdiyyənin icazəsi ilə inşa edildiyi bildirilib.
Digər sakin isə mərhum anasının adından saxta sənədlər hazırlandığını iddia edib.
"Rəhmətlik anamın adından sənəd düzəldiblər. Guya anamla beşillik icarə müqavilələri olub. İndi də beş il tamam olduğuna görə yerdəyişmə edib, çıxarışları dəyişdiriblər", - deyə sakin bildirib.
Böyük Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev isə səsləndirilən iddialarla razılaşmayıb. O bildirib ki, şikayətçinin qeyd etdiyi məsələ ilə bağlı bələdiyyəyə rəsmi müraciət daxil olmayıb.
"Mübahisə predmeti olan torpaq sahələrindən biri 2014-cü ildə xüsusi mülkiyyətçi tərəfindən başqa şəxsə satılıb. Həmin torpaq sahəsinin bələdiyyənin fəaliyyəti ilə əlaqəsi yoxdur", - deyə Rauf Cəbiyev bildirib.
Bələdiyyə sədri əlavə edib ki, çayxananın yerləşdiyi ərazi ilə bağlı Dövlət Reyestri Xidmətinə sorğu göndərilib və hazırda cavab gözlənilir.
Onun sözlərinə görə, mövcud məlumatlarda həmin ərazinin 2018-ci ildən başqa bir şəxsin istifadəsində olduğu göstərilir.