Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) yaydığı məlumata görə, İslamabad Səudiyyə Ərəbistanının təhlükəsizliyini qorumaqla bağlı öhdəlikləri çərçivəsində ölkəyə hərbçilər göndərib.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Pakistan hərbçiləri əldə olunmuş razılaşmalar və mövcud müdafiə əməkdaşlığı çərçivəsində onlara həvalə edilən vəzifələri yerinə yetirəcəklər.
ISPR Pakistanın Səudiyyə Ərəbistanının təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu vurğulayıb. Qeyd olunub ki, bu addım iki ölkə arasında uzun illərdir davam edən strateji tərəfdaşlığa əsaslanır və Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsinə xidmət edir.
Bu qərar noyabrın 27-də İslamabadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci növbəti iclasından sonra verilib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman avqustun 7-də Məkkədə "Birgə Müdafiə üzrə Məkkə Sazişi"ni imzalayıblar.
Saziş üç ölkənin təhlükəsizliyinin birgə çəkindirmə və müdafiə mexanizmləri vasitəsilə möhkəmləndirilməsini, eləcə də regional təhlükəsizlik və sabitliyə töhfə verilməsini hədəfləyir.