"Mədəniyyət sahəsində maliyyə və digər problemlərin həlli, layihələrin düzgün istiqamətləndirilməsi üçün Mədəniyyət və Maliyyə nazirlikləri ziyalıların, sənət adamlarının fikirlərini mütəmadi öyrənməli, onların təcrübəsindən istifadə etməlidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyinin fəaliyyətində maliyyə problemləri də nəzərə alınmalıdır:
"Müzakirələrdə Maliyyə Nazirliyinin nümayəndəsinin də iştirak etməsi vacib idi. Maliyyə Nazirliyinin nümayəndələri teatra və konsertlərə çox nadir hallarda gedirlər, mədəniyyət sahəsi ilə bağlı təsəvvürləri isə bəzən toy müğənniləri və şou-biznes nümayəndələri ilə məhdudlaşır. Həmçinin balet sənətçilərinin pensiya təminatı ilə bağlı problemi də diqqətdə saxlamaq lazımdır. Baletlə bağlı pensiya məsələsi həll olunmur. 55 yaşında insan balet oynaya bilərmi? Belə elementar məsələlər var və problem hələ də qalır".
F.Bədəlbəyli qeyd edib ki, sovet dövründə Mədəniyyət Nazirliyinin yanında fəaliyyət göstərən kollegiyanın tərkibinə görkəmli mədəniyyət xadimləri daxil edilirdi:
"Həmin kollegiyada maestro Niyazi, Qara Qarayev, Fikrət Əmirov və Rəsul Rza kimi tanınmışlar təmsil olunurdular. Hər hansı layihə müzakirə edilərkən yalnız nazirlik əməkdaşları və məmurlar deyil, məhz həmin görkəmli ziyalılar istiqamət verirdilər. Bu təcrübənin yenidən tətbiq edilməsi, ziyalıların Mədəniyyət Nazirliyinin fəaliyyətindən kənarda qalmaması vacibdir. Ziyalılar Mədəniyyət Nazirliyindən uzaq olmasın. Hər hansı layihə ilə bağlı, məsələn, xaricdə tədbir keçirmək nəzərdə tutulursa, gəlin, məsləhətləşin".