Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, sözügedən daşınmaz əmlak "Maliyyə və kredit" bankından 113 milyon dollar məbləğində vəsaitin mənimsənilməsinə dair cinayət işi çərçivəsində həbs edilib.
K.Jevaqo 2019-cu ildə iflasa uğramış "Maliyyə və kredit" bankının pullarını mənimsəməkdə təqsirləndirilib. Sahibkar bu ittihamları dəfələrlə rədd edib. 2021-ci ildə Ukraynanın müraciəti ilə İnterpol onu beynəlxalq axtarışa verib. Fransada saxlanıldıqdan sonra yerli məhkəmə iş adamının Kiyevə ekstradisiyasından imtina edib, Ukraynanın apellyasiya şikayəti də təmin olunmayıb.
2022-ci ilin dekabr ayında Jevaqo Kiyevin tələbi ilə Fransanın Kurşevel dağ-xizək kurortunda həbs edilmişdi. Buna baxmayaraq, Fransa məhkəməsi ukraynalı biznesmenin təhvil verilməsi ilə bağlı rədd qərarını yenidən qüvvədə saxlayıb. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, "Forbes" nəşri Jevaqonun ümumi sərvətini 1 milyard dollar dəyərində qiymətləndirib.