Vinsent Van Qoqun "Çiçəklənən şabalıdlar" (Châtaigniers en fleurs) adlı tablosu Nyu-Yorkda keçirilən "Sotheby's" hərrac evində 190 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Sözügedən tablo "Sotheby's" hərraclar tarixində dəyərinə görə ikinci incəsənət əsəri sayılır. Birinci yerdə isə ötən il 236.4 milyon dollara alıcı tapan Qustav Klimtin "Elizabet Ledererin portreti" qərarlaşıb.
İndiyədək Van Qoqun ən baha qiymətə satılan əsəri 2022-ci ildə 117.2 milyon dollara reallaşdırılan "Sərv ağacları olan buğda tarlası" tablosu idi. İstər hərraclar, istərsə də şəxsi satışlar vasitəsilə rəsmi şəkildə satılmış ən bahalı incəsənət əsərləri arasında "Çiçəklənən şabalıdlar" doqquzuncu pillədə qərarlaşıb. Siyahıya müəllifinin Leonardo da Vinçi olduğu ehtimal edilən və 2017-ci ildə "Christie's" hərracında rusiyalı milyarder Dmitri Rıbolovlev tərəfindən 450 milyon dollara satılmış "Dünyanın xilaskarı" əsəri başçılıq edir.
"Çiçəklənən şabalıdlar" rəsmini Vinsent Van Qoq 1890-cı ildə, ömrünün son iki ayını keçirdiyi Paris yaxınlığındakı Over-sür-Uaz kəndində yaradıb. Bu sənət incisi mərhum argentinalı mesenatlar Karlos Blakye və həyat yoldaşı Nelli Aryeta tərəfindən toplanmış və hərraca çıxarılmış 12 əsərdən ibarət məşhur Blakye-Aryeta kolleksiyasının bir hissəsidir.