Rusiya imperiyasının Romanovlar sülaləsinin kolleksiyasına daxil olmuş sapfir Cenevrədə hərraca çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Sotheby"s" hərrac evinin rəsmi saytında məlumat verilib.
Brilyantlarla bəzədilmiş bilərziyə yerləşdirilən 197.8 karatlıq qiymətli daş noyabrın 11-də satışa çıxarılacaq. Sapfirin ilkin qiymətinin 850 min-1.7 milyon İsveçrə frankı (təxminən 1.02-2.05 milyon ABŞ dolları) arasında olacağı gözlənilir.
Hərrac lotunun təsvirində qeyd olunur ki, Romanovlar sülaləsinin kolleksiyasındakı bir sıra mühüm qiymətli daşlar XVIII əsrdə imperatriçalar Yelizaveta Petrovna və II Yekaterina tərəfindən əldə edilib. Lakin bu sapfirin kolleksiyaya dəqiq nə vaxt daxil olduğu məlum deyil.
Faberje tərəfindən hazırlanmış brilyant çərçivəyə yerləşdirilən sapfiri imperator III Aleksandrın həyat yoldaşı, imperatriça Mariya Fyodorovna taxıb. Oktyabr inqilabından sonra zinət əşyası satılıb. Sonrakı illərdə sapfir bir neçə dəfə hərraca çıxarılıb.
Qiymətli daş hazırkı görünüşünü, yəni bilərzik formasını, 2015-ci ildə alıb.
