"Musiqi həmişə mənə ilham verib. Uşaqlıqdan təsadüfi musiqi açır və rəsm çəkməyə başlayırdım".
Bunu son illər Ukraynada yaşayan azərbaycanlı rəssam Nadir Şah Oxu.Az-a müsahibəsində deyib.
O, müsahibədə yaradıcılıq yolundan, sənət axtarışlarından və müharibə şəraitində yaşamağın çətinliklərindən bəhs edib. Rəssam müsahibəyə yaradıcılığı barədə məlumatla başlayıb:
- Mən müasir incəsənətlə məşğulam, lakin yaradıcılıq istiqamətimi konkret adlandırmaqda çətinlik çəkirəm. Sənətə sürrealist kimi başlamışam. Atam sürrealist rəssam idi və məni də məhz bu istiqamətə yönəldib. Yaradıcılığımın əsasını o qoyub, sonradan isə fərdi şəkildə inkişaf etmişəm.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişəm. Oqtay Sadıqzadənin yaradıcılığı da mənə güclü təsir göstərib. Rəssamlıq Məktəbini bitirdikdən sonra Azərbaycan İdman Akademiyasına daxil oldum. Bu da öz növbəsində yaradıcılığıma və inkişafıma təsir etdi.

- Niyə rəssamlıq təhsilinizi davam etdirmədiniz, idmana üz tutdunuz?
- İdmana böyük marağım var idi. Boksla məşğul idim və milli yığmanın ehtiyat heyətində yer alırdım. İstər ölkə daxilində, istərsə də xarici turnirlərdə müxtəlif mükafatlar qazanırdım. Lakin atamdan keçən rəssamlıq genləri də öz sözünü deyirdi. Həmişə bu iki sahə arasında tərəddüd edirdim.
Yalnız hərbi xidmətdən sonra, 2009-cu ildə anladım ki, mənim yolum rəssamlıqdır. Çünki bütün boş vaxtlarımı rəsm çəkməyə sərf edirdim: eskizlər hazırlayır, plakatlar çəkir, hətta hərbi xidmətdə olduğum müddətdə belə divar rəsmləri ilə məşğul olurdum.
Xidmətdən sonra daha fəal şəkildə rəsm çəkməyə, sərgilərdə iştirak etməyə başladım və Rəssamlar İttifaqına üzv oldum. YARAT-da və Bakının müxtəlif qalereyalarında əsərlərim nümayiş etdirildi.

- Rəssamlıq yolunu seçdiyinizi qeyd etdiniz. Bu seçim sizin üçün hansı mənanı kəsb edir?
- Atamın təsiri altında böyümüşəm, hətta evimizin ab-havası belə yaradıcılığa köklənmişdi. Evimizdə çoxlu kitab, rəssamların kataloqu, bədii filmlər kolleksiyası və musiqi lentləri var idi. Mənə ən çox təsir edən isə musiqi idi. Musiqi vurğununa çevrildim və bu gün də Motsartdan texno janrına qədər müxtəlif melodiyalar dinləyirəm.
Musiqi həmişə mənə ilham verib. Uşaqlıqdan təsadüfi musiqi açır və rəsm çəkməyə başlayırdım. İstedadım hələ kiçik yaşlarımdan özünü göstərirdi. Elə o zamandan gələcəkdə rəssam olacağımı, bunun mənim qismətim və yolum olduğunu dərk edirdim.

- Bəs rəssam olmaq şəxsən sizin üçün nəyi ifadə edir? Axı rəssamlıq təkcə fırçadan istifadə edə bilmək bacarığı deyil...
- Rəsm çəkməyi hamı bacara bilər, amma əsər yaratmaq yalnız rəssamların işidir.
İncəsənət özünəməxsus, dərin və hüdudsuz bir sahə kimi hər birimizin daxilində yaşayır. Məhz bu daxili dünyanı kəşf edib üzə çıxarmaq insanı sadəcə kağız üzərində cızmaqara edən birindən əsl rəssama çevirir.
Sən tamamilə fərqli düşünürsən. Rəssam olmaq həyatımızda ilahi məna daşıyan nəyinsə bir parçasına çevrilmək deməkdir. Rəssamın öz konsepsiyası, əsərlərini nə üçün yaratdığını izah edən dünyagörüşü olur. O, rəsmlərini kiminsə divarını bəzəmək üçün yaratmır. Sadəcə, başqa cür yaşaya bilmir və həmişə daxilində nələrinsə əskik olduğunu duyur. Öz təcrübəmdən danışıram.
Sərgilərdə iştirak etmişəm, əsərlərimi satmışam, amma yenə də nəyinsə çatışmadığını hiss edirdim. Çox güman ki, incəsənətin cazibəsi də məhz buradadır. Düşünürsən ki, arzuladığın zirvədəsən, müasirlərini və müəllimlərini belə ötmüsən, amma yenə də qane olmursan. Axtarışlar davam edir və məhz bu prosesin özü yeni sənət nümunələrinin yaranmasına təkan verir. Bu hal o vaxta qədər nə qədər uğur qazanmağından asılı olmayaraq fasiləsiz davam edir.

- Zənnimcə, rəssamlar əsasən iki cür axtarışda olurlar: birincisi, texniki axtarış, yəni əsəri hansı üsulla və materialla ərsəyə gətirmək, yenilik etmək; ikincisi isə toxunulacaq mövzunun tapılmasıdır. Mövzu köhnə ola bilər, amma rəssamın daxili süzgəcindən keçməlidir. Sizdə bu proses necə baş verir? Məlumdur ki, tez-tez neon rənglərdən faydalanırsınız və mövzularınız erotikadan tutmuş siyasətə qədər müxtəlifdir...
- Elə qeyd etdiyiniz axtarış da məhz bundan ibarətdir. Yəqin ki, həm əvvəlki, həm də son dövr yaradıcılığımla tanış olmusunuz.
Başlanğıcda yağlı boyalara üstünlük verirdim, ardınca akrilə yönəldim, daha sonra isə flüoresan və lüminessent boyalarla işləməyə qərar verdim. Bu sonuncu materiallar işığı özündə toplayaraq qaranlıqda bir müddət parlama xüsusiyyətinə malikdir.
Qeyd olunan boya növlərinə 2012-2013-cü illərdən müraciət etsəm də, o zamanlar işlərimi sosial şəbəkələrdə paylaşmırdım. Həmin dövrdə abstrakt əsərlər yaradırdım. Beləliklə, tədricən bu gün məşğul olduğum yaradıcılıq istiqaməti formalaşdı. Mən bu üslubu konseptual müasir rəngkarlıq adlandırıram.
"Glow Art" (İşıq saçan sənət) mənə daxili emosiyalarımı və hisslərimi ən yüksək səviyyədə təzahür etdirməyə şərait yaradır. Bu tərz istər rəsmlərin sərgiləndiyi məkanın, istərsə də Kiyevdə təşkil etdiyim proqramların ümumi aurasını formalaşdırır.

- Siz tamaşaçılar qarşısında rəsm çəkdiyiniz art-performanslarınızı nəzərdə tutursunuz?
- Bəli, bunlar rəsmin real vaxt rejimində yaradıldığı performanslardır.
- Bəs niyə bununla məşğul olmaq qərarına gəldiniz?
- Bütün bunlar hələ Bakıda, Kiyevə köçməyimdən çox əvvəl yaranırdı. Mən musiqi altında rəsm çəkdiyimi dedim.
Uşaq vaxtı mən hələ bu ritmi eşitməmişdim, musiqidən yayılan enerjini hiss etmirdim. Zamanla musiqi mənə ideyalar verməyə başladı.
Mən Bakıdakı studiyamda rəsm çəkəndə daim hərəkət edirdim. Musiqi mənə hərəkət tempi verirdi. Mən işə kənardan baxmaq üçün rəsmdən uzaqlaşırdım. Tədricən bu hərəkətlər rəqsi xatırlatmağa başladı.
Əlbəttə, boksla məşğul olmaq da buna təsir etdi: əllərin işi, məsafə hissi... Elə bütün bunlar da sintez şəklində məni olduğum kimi formalaşdırdı.

- Performansınıza başladığınız zaman artıq nə çəkəcəyinizi bilirsinizmi? Müəyyən tematika varmı, yoxsa hər şey insanların enerjisi və atmosferdən asılıdır?
- Tematika əvvəlcədən müəyyən edilir. DJ və musiqi əvvəlcədən seçilir, mənə bu barədə məlumat verilir. Mövzu da məkandan asılıdır. Mən eskizləri və DJ-in trek-listini, yəni siyahısını təsdiqləyirəm. Mən onunla sinxronlaşmalı və düzgün atmosfer yaratmalıyam. İzləyicilər bunun sadəcə bir əyləncə olmadığını başa düşməlidirlər.
- Performanslarınız zamanı yaratdığınız rəsmlərin də əvvəlcədən bir konsepsiyası varmı?
- Bəli, əlbəttə. Məsələn, 2022-ci ildə keçirilən bu cür tədbirlərdən birində rəsm əsəri dünyanın yaranmasına və qlobal məsələlərə həsr olunmuşdu: biz kimik, haradan gəlmişik və hara gedirik...
Rəsm hərraca çıxarıldı və onun satışından əldə edilən gəlir Ukrayna Silahlı Qüvvələrinə kömək üçün göndərildi, çünki müharibə o vaxta qədər artıq başlamışdı.
Sonrakı bütün tədbirlər də ehtiyacı olanlara və müharibədən zərərçəkmişlərə dəstəyə yönəldilmişdi.

- Bəz sizin "artist statement"iniz - bütün əsərlərinizlə çatdırmaq istədiyiniz mesaj varmı?
- Mən öz əsərlərimdə reallığı əks etdirməyi elə də çox istəmirəm, lakin baş verənlərə laqeyd qalmaq da mümkün deyil. Məsələn, müharibə mövzusunda çox sayda rəsm çəkmişəm.
Amma yaradıcılığımda məni fundamental məsələlər maraqlandırır: biz niyə buradayıq, niyə təbiətə və sahib olduqlarımıza ləyaqətlə yanaşa bilmirik, insanlar arasında münasibətlər necə inkişaf edir, gələcəyimiz necə olacaq... Məsələn, bir əsərimdə sual verirəm ki, süni intellekt bizə necə təsir edir və ümumiyyətlə, bizə lazımdırmı?
Qısacası, bu özünə sual vermək və onlara cavab axtarmaq bacarığıdır. İnsanlar özlərinə suallar verməli və cavablar axtarmalıdırlar.
Bəziləri mənim işlərimdə rahatlıq tapırlar, bəziləri isə narahatlıq.

- Sizi məhz istədiyiniz kimi başa düşmələri sizin üçün önəmlidir?
- Fikrimin düzgün oxunmasına nail olmaq mənim işimdir.
- Qalereyaların tematikasına görə sərgiləməkdən imtina etdiyi rəsmləriniz olub?
- Bəli, Bakıdakı qalereyalardan rədd cavabları almışam, çünki rəsmlərim onların formatlarına uyğun gəlmirdi. Həmçinin nyu mövzusunda da işlər olub ki, sərgilərə buraxılmayıb.
- Necə oldu ki, Kiyevə getdiniz?
- 2019-cu ildə orada evləndim, yaşamaq və yaratmaq üçün qaldım. Sərgilərdə iştirak etməyə və art-perfomanslar keçirməyə başladım.
- İndi Kiyevdə işləmək necədir?
- Çətindir, çox çətindir. Sərgilərdə iştirak etmək asan deyil: yerli rəssam olmadığım üçün tez-tez rədd cavabı alıram.
Sərgilər daha çox müharibə mövzusuna həsr olunur, mən isə artıq bu mövzudan yorulmuşam. Bu, çox ağır mövzudur və rəsmi çəkərkən baş verən hər şeyi yenidən yaşayırsan. Mən yorulmuşam.
Bundan əlavə, elektrik və su kəsintisi olur, sığınacağa qaçmağa məcbur qalırsan, axı hələ sifarişlər üzərində də işləmək lazımdır...

- Müharibə başlayanda Bakıya qayıtmağı heç düşünməmisinizmi ?
- Heç kim müharibəni gözləmirdi, xüsusən də bu qədər uzun müddət davam edəcəyini. İnsan pisi görmək istəmir, lakin baş verdi.
İlk aylarda biz sığınacaqda yaşayırdıq, ağır idi. Mən Kiyevdəki diaspora təşəkkür etmək istəyirəm: onun nümayəndələri vətəndaşlarımız üçün əllərindən gələni edirdilər, təxliyə üçün şərait yaradırdılar. Amma biz həyat yoldaşımla qalmağa qərar verdik, mən buna peşman deyiləm, çünki işləməyə davam etdim və öz art-performans layihəmə başladım.
Artıq beş ildir ki, biz müharibə rejimində yaşayırıq. Hamı artıq öyrəşib və bununla barışıb. Bir daha diasporumuzun fəaliyyətini vurğulamaq istəyirəm: onun nümayəndələri humanitar dəstək göstərirdilər, ərzaqla kömək edirdilər. Mənim 44 günlük Vətən müharibəsinə həsr olunmuş rəsmim üçün də yer ayırdılar.
- Hazırda nə üzərində işləyirsiniz?
- Bakıda art-performans təşkil etmək istəyirəm. Ümid edirəm ki, bu layihəni gerçəkləşdirmək mümkün olacaq.