1986-cı il noyabrın 17-də Alyaska səmasında "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 747" yük təyyarəsinin UNO ilə qarşılaşması aviasiya tarixində naməlum uçan obyektlərin müşahidəsi ilə bağlı ən məşhur hadisələrdən birinə çevrilib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, təyyarə Parisdən Tokioya, Ankoricdə aralıq eniş etməklə uçuş həyata keçirirmiş.
Təyyarənin göyərtəsində bir partiya Beaujolais şərabı da daşınıb. Enişə yaxınlaşarkən ekipaj komandiri Kendzi Terauti səmada qeyri-adi parlaq işıqlar görüb. Lakin həmin vaxt radar ekranlarında heç bir hava gəmisi qeydə alınmayıb.
Terautinin sözlərinə görə, qəfildən təyyarənin qarşısında işıq saçan iki obyekt peyda olub. Onların yaydığı parlaq işıq kabinəni işıqlandırıb və orada temperaturun yüksəlməsinə səbəb olub. Komandir nəhəng "ana" gəminin və iki kiçik aparatın təxminən yarım saat ərzində təyyarəni müşayiət etdiyini bildirib. Obyektlərin şəklini çəkmək cəhdi isə kameranın sıradan çıxması səbəbindən uğursuz olub.
Enişdən sonra mütəxəssislər pilotların ayıq və adekvat vəziyyətdə olduqlarını təsdiqləyiblər. Mülki radar qeydlərində naməlum obyektə aid olduğu düşünülən işarənin isə texniki xətanın nəticəsi olduğu bildirilib.
Astronomlar və aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər müşahidə edilən görüntülərin optik illüziyalar, Ay işığının buludlarda əks olunması və ya parlaq Yupiter planetinin görünməsi ilə bağlı ola biləcəyini qeyd ediblər.
Təyyarənin komandiri isə sonradan zarafatla yadplanetlilərin göyərtədə daşınan şərab yükü ilə maraqlanmış ola biləcəklərini deyib. Bununla belə, hadisənin yerdənkənar mənşəli olduğunu təsdiqləyən heç bir obyektiv sübut tapılmayıb.