ABŞ-nin Alyaska ştatının sakini Sara Ceyn Osborn hərbi baza yaxınlığında meduzaya bənzəyən naməlum uçan obyekt (UNO) müşahidə etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Hadisə 2026-cı ilin iyun ayında Ankoric şəhərində baş verib. Qadın göy qurşağının fotosunu çəkərkən smartfonunun ekranında görünən qara ləkəni əvvəlcə ağcaqanad zənn edib. Başını yuxarı qaldırdıqda isə "F-22" qırıcı təyyarələrinin yerləşdirildiyi Elmendorf-Riçardson Birləşmiş Bazası istiqamətində çıxıntıları olan gümüşü-qara rəngli obyekt müşahidə edib.
Şahidin sözlərinə görə, obyektin çıxıntıları bir-birindən asılı olmayaraq hərəkət edib. Təxminən üç dəqiqə səmada hərəkətsiz qalan cisim daha sonra gözdən itib.
Nəşrin məlumatına görə, obyektə qədər olan məsafə dəqiq bilinmədiyindən onun həqiqi ölçülərini müəyyən etmək çətindir. Rəsmi qurumlar isə sözügedən obyektin hərbi bazanın hava məkanında olduğunu və ya hərbi təyinatlı olduğunu təsdiqləməyiblər.
Hazırda naməlum cismin yerdənkənar mənşəli olduğunu sübut edən hər hansı fakt yoxdur. Səmada görünən obyektin dron, çərpələng və ya başqa bir uçuş aparatı olması da istisna edilmir.