Ötən gecə NATO qırıcısı Litvanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS ölkənin Yanğından Mühafizə və Xilasetmə Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, Litva səmasında ilk dəfədir PUA vurulur. Gecə yarısı Litva səmasında naməlum PUA peyda olub. Ölkənin Vilnüs, Trakay və Elektrenay rayonlarında hava hücumu təhlükəsi elan edilib.
Milli Böhranların İdarəedilməsi Mərkəzindən bildirilib ki, dərhal NATO qırıcıları havaya qaldırılıb. Təxminən yarım saat sonra departament dronun Kaunas rayonu yaxınlığında ləğv edildiyini və həyəcan siqnalının dayandırıldığını açıqlayıb.
Hazırda aparatın qalıqlarının toplanması həyata keçirilir. Litva hakimiyyət orqanlarının məlumatına görə, pilotsuz uçuş aparatı partlayıcı maddə ilə təchiz olunmuş ola bilərdi.