Almaniyanın paytaxtı Berlinin Şarlottenburq rayonunda sahəsi 618 kvadratmetr olan keçmiş bomba sığınacağı hərraca çıxarılıb. Obyektin ilkin satış qiyməti 398 min avro təşkil edir.
Oxu.Az "Bild" qəzetinə istinadən xəbər verir ki, sığınacaq 1906-cı ildə inşa edilmiş yaşayış binasının altında yerləşir.
Zirzəminin sığınacağa çevrilməsinə 1936-cı ildə başlanılıb. İkinci Dünya müharibəsi zamanı burada 250 nəfərədək insan yerləşə bilirdi. Döyüşlərin son mərhələsində isə obyektin hərbi hospital kimi istifadə olunduğu bildirilir.
Sonrakı onilliklər ərzində boş qalan məkan 2022-ci ildə qismən sərgi və incəsənət layihələri üçün istifadə edilib.
Bunker 18 ayrı otaqdan ibarətdir. Ən böyük otağın sahəsi 183 kvadratmetrə çatır, tavanın hündürlüyü isə təxminən beş metrdir. Hərrac elanında obyektin pəncərələrinin olmadığı və anbar kimi istifadə edilə biləcəyi qeyd olunur.
Maraqlıdır ki, eyni binanın damında hazırda sauna və terrasları olan lüks mənzillər inşa edilir. Sahəsi təxminən 240 kvadratmetr olan mənzilin qiyməti 2.5 milyon avroya çatır.
Obyekti alan şəxs alış qiymətindən əlavə, binanın ümumi əmlakının saxlanılması üçün hər ay təxminən 743 avro ödəməli olacaq. Bunkerdə istilik sistemi, santexnika, müasir havalandırma və su təchizatı sistemləri, eləcə də mülki müdafiə avadanlıqları yoxdur.