Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.
Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələdə isə mərasim zalında Çarentsin büstü də qoyulacaq.
İranın təxribat xarakterli təşəbbüsdə iştirakı Azərbaycanın tarixi-mədəni irsinə münasibət məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş tarixi Azərbaycan abidəsidir.
Deputat əlavə edib ki, məscid Hüseynəli xanın hakimiyyəti dövründə, 1765-1766-cı illərdə tikilib:

"Tarixi adı Göy məscid, Göy cami və Hüseynəli xan məscidi kimi tanınır. İrəvan şəhərinin müsəlman əhalisinin əsas dini və ictimai mərkəzlərindən biri olub. Məsciddə Səfəvi dövrü memarlığının xüsusiyyətləri görünür. Sovet dövründə burada dini fəaliyyət dayandırılıb, bina muzey və digər dünyəvi məqsədlər üçün istifadə edilib. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra abidənin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırıldı. Göy məscidin ilkin memarlıq üslubu və tarixi-mədəni özünəməxsusluğu dəyişdirilib, aparılan bərpa və yenidənqurma işləri nəticəsində abidənin orijinal memarlıq xüsusiyyətləri farslaşdırılıb. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "Fars məscidi" kimi təqdim edirlər".
P.Vəliyeva əlavə edib ki, kimin maliyyəsi ilə rekonstruksiya olunmasından asılı olmayaraq, bu, azərbaycanlılara məxsus tarixi abidədir:
"Onun Azərbaycan tarixindəki yeri də məhz İrəvan xanlığının Azərbaycan xanlıqlarından biri olmasıdır. Abidənin adının dəyişdirilməsi və ya farslaşdırılması tarixin saxtalaşdırılmasıdır. Bu cəhdlər Ermənistanda qalan azərbaycanlılara məxsus irsin sistemli və məqsədyönlü şəkildə məhvinə və saxtalaşdırılmasına yönəlmiş siyasətin tərkib hissəsidir. Yeni ad verilsə belə, yazılan tarixi silmək mümkün deyil".