İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi tarixi-mədəni kimliyin təhrifinə yönəlmiş növbəti cəhddir. Bu addım bütün dünyanın qəbul etdiyi, beynəlxalq konvensiyalarda təsbit olunmuş bəşəri dəyərlərə hörmətsizlik, eləcə də sülh və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətindəki səylərə qarşı təxribatdır.
Oxu.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Göy məscidin mərasim zalında büstün qoyulması təşəbbüsü Ermənistan tərəfinin, xüsusilə də ölkənin siyasi rəhbərliyinin tarixi abidənin ilkin təyinatına və mənsubiyyətinə obyektiv, qərəzsiz münasibəti ilə bağlı ciddi suallar yaradır.
"Bu cəhdlər Göy məscidin tarixi-mədəni kimliyinin arxa plana keçirilməsinə və onun başqa mədəniyyətə aid abidə kimi təqdim olunmasına xidmət edir. Tarixi abidələrin qorunması yalnız onların fiziki mövcudluğunun təmin edilməsini deyil, həm də mənsubiyyətinə, ilkin təyinatına və mədəni kimliyinə hörmətlə yanaşılmasını tələb edir. Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlıq və dini irsinin mühüm nümunəsidir.
Tarixdə Göy məscid, Göy cami və Hüseynəli xan məscidi adları ilə tanınan bu abidə İrəvanın müsəlman əhalisinin dini və ictimai həyatında mühüm yer tutub, şəhərin mədəni simasının formalaşmasında əhəmiyyətli rol oynayıb.
Onun tarixi mənsubiyyəti məscidin memarlıq xüsusiyyətləri, inşa edildiyi dövr və İrəvan xanlığının dövlətçilik tarixindəki yeri ilə bilavasitə bağlıdır. Sovet hakimiyyəti dövründə burada dini fəaliyyət dayandırılıb, bina müxtəlif dünyəvi məqsədlər, o cümlədən muzey kimi istifadə edilib. 1995-ci ildə İranla Ermənistan arasında əldə olunmuş razılaşma əsasında "rekonstruksiya" işlərinin maliyyələşdirilməsi İran tərəfinə həvalə edilib. Lakin bu proses məscidin tarixi mənsubiyyətinin dəyişdirilməsi və ya onun ilkin memarlıq xüsusiyyətlərinin başqa mədəniyyətin adı ilə təqdim edilməsi üçün əsas ola bilməz.
İstənilən mədəni irs nümunəsinin hansısa ölkənin vəsaiti hesabına bərpa edilməsi onun həmin ölkəyə məxsus olduğunu iddia etmək üçün əsas sayıla bilməz. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə bağlılığı əsasında qiymətləndirilməlidir.
Abidənin "fars məscidi" kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir.
Xüsusi olaraq vurğulamağı zəruri hesab edirik ki, mədəni irsin qorunması beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası mədəni sərvətlərin silahlı münaqişələr zamanı qorunmasını, onlara qarşı düşmənçilik hərəkətlərinin, talan və mənimsəmə hallarının qarşısının alınmasını nəzərdə tutur. UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il tarixli Konvensiyası isə dövlətlərin öz ərazilərində yerləşən mədəni irsin müəyyənləşdirilməsi, mühafizəsi, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə məsuliyyətini təsbit edir", - bəyanatda bildirilib.
Komitənin bəyanatında, həmçinin qeyd olunub:
"Təəssüf hissi ilə vurğulayırıq ki, Ermənistan işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində məscidlərə münasibətdə tətbiq etdiyi mənfi təcrübəni bu gün yenidən təkrarlayır. Azərbaycan xalqı 2019-cu ildə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində təmir adı altında aparılan işlərə İran İslam Respublikasında fəaliyyət göstərən şirkətin cəlb edilməsini, həmin məscidin və Ağdam Cümə məscidinin "fars məscidləri" kimi təqdim olunmasını unutmayıb.
Eyni zamanda, işğal altında olmuş digər ərazilərdəki qədim məscid və ibadət yerlərinin dağıdılmasını, təhqir olunmasını, xalqımızın dini hisslərini hədəf alan vandalizm əməllərini də dərin məyusluq və təəssüf hissi ilə xatırlayırıq.
Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdəki bütün dini-mədəni abidələrin bərpasını həyata keçirir, onların tarixi görkəminin bərpası istiqamətində ardıcıl tədbirlər görür. Lakin fiziki dağıntıların aradan qaldırılması işğal dövründə törədilmiş vandalizm aktlarının xalqımızın tarixi yaddaşında yaratdığı mənəvi izləri silmir".
Dövlət Komitəsi mədəni irs nümunələrinin qorunması məsələsində vahid və obyektiv meyarların əsas götürülməsinin, onların bərpası və istifadəsi zamanı tarixi mənsubiyyətinə, ilkin memarlıq xüsusiyyətlərinə və dini təyinatına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.
"Bu baxımdan, İrəvandakı Göy məscidin tarixi kimliyinin təhrif edilməsinə yönəlmiş cəhdlər mədəni irsə münasibətdə eyni prinsiplərin hər yerdə qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Göy məscidin tarixi mənsubiyyətinin təhrif edilməsinə və Azərbaycan xalqının mədəni-dini irsinin mənimsənilməsinə yönəlmiş cəhdlərə etirazımızı bildirir, İran və Ermənistan tərəflərini tarixi faktlara hörmətlə yanaşmağa, dini və mədəni abidələrdən siyasi-ideoloji məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırırıq", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, İrəvandakı Göy məscid kompleksinin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi ilə bağlı tədbir keçirilib. Ermənistanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi məscidin mərasim zalında şairin adının yazıldığı lövhənin açılışını edib. Gələcəkdə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.