"Bu gün Britaniyada Avropa İttifaqına (Aİ) qayıdışla bağlı müzakirələrin yenidən aktuallaşmasının əsas səbəblərindən biri "Brexit"in iqtisadi nəticələridir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
O bildirib ki, Avropa bazarına çıxışda yaranan əlavə maneələr, ticarət prosedurlarının mürəkkəbləşməsi, investisiya mühitinə təsirlər və əmək bazarında yaranan çətinliklər Britaniya cəmiyyətində Avropa ilə daha sıx inteqrasiyaya marağı artırıb:

"2026-cı ilin sentyabrında Baş nazir Endi Börnhemin "Brexit"in Britaniyaya faydadan daha çox zərər verdiyini bildirməsi, gələcək münasibətlər üçün bir neçə variantın nəzərdən keçirilməsini təklif etməsi bu müzakirələrə yeni impuls yaradıb. Həmin versiyalara Gömrük İttifaqına qoşulmaq, vahid bazara qayıtmaq və tam üzvlüyü bərpa etmək daxildir. Bununla belə, Britaniyanın yaxın perspektivdə Avropa İttifaqına tamhüquqlu üzv kimi qayıtması hələlik real siyasi gündəlikdə konkretləşməyib. London hazırda daha çox iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verir. Noyabrın 20-də keçirilən Böyük Britaniya-Aİ Sammitində ticarət maneələrinin azaldılması, gənclərin qarşılıqlı hərəkət imkanlarının genişləndirilməsi və müdafiə əməkdaşlığının gücləndirilməsi istiqamətində razılaşmalar əldə olunması da bunu göstərir. Britaniya tam üzvlük üçün yenidən müraciət etməli, Aİ-nin bütün üzvlərinin razılığını almalı və üzvlük öhdəliklərini qəbul etməlidir. Azərbaycan-Britaniya münasibətləri baxımından isə bu proses xüsusi maraq doğurur. Noyabrın 12-də Dublin şəhərində Prezident İlham Əliyev və Baş nazir Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında müdafiə, təhlükəsizlik, enerji, investisiya, nəqliyyat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də Azərbaycan-Ermənistan arasında davamlı sülh səylərinə dəstək ifadə olunur".
R.Bayramovun sözlərinə görə, Britaniyanın Avropa İttifaqına mümkün qayıdışının Azərbaycan üçün əhəmiyyəti isə bir neçə istiqamətdə özünü göstərə bilər:

"Böyük Britaniya Avropanın aparıcı siyasi, iqtisadi və hərbi güclərindən biridir. Onun yenidən bu təşkilat daxilində təmsil olunması Azərbaycanın maraq doğuran məsələlərinin Avropa institutlarında müzakirəsinə əlavə siyasi imkanlar yarada bilər. Xüsusilə, enerji təhlükəsizliyi, Cənubi Qafqazda sülh, nəqliyyat-kommunikasiya xətləri və regional sabitlik məsələlərində Londonun təcrübəsi və diplomatik çəkisi əhəmiyyətli ola bilər. Yəni, Avropa İttifaqında daha bir tərəfdaş ölkənin təmsilçiliyi bizim üçün əlavə dividentlər qazandıra bilər. Məsələn, məlum olduğu kimi dünən Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın Avropa İttifaqı ilə viza prosedurlarının sadələşdirilməsi təşəbbüsünü dəstəklədiklərini açıqlayıb. Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcəyindən bu istiqamətdə mühüm diplomatik imkanlara malik olacaq. Britaniyanın gələcəkdə Aİ-yə qayıtması bu məsələdə Azərbaycanın diplomatik mövqelərini dəstəkləyən əlavə tərəfdaşın meydana çıxması demək ola bilər".
R.Bayramov qeyd edib ki, Azərbaycan üçün əsas məsələ Britaniyanın Aİ-yə qayıtmasından daha çox Londonla formalaşan strateji tərəfdaşlığın konkret siyasi və iqtisadi nəticələrə çevrilməsidir:
"Bu tərəfdaşlıq Azərbaycanın Avropa ilə münasibətlərində əlavə diplomatik kanal, investisiya mənbəyi və siyasi dəstək platforması rolunu oynaya bilər. Başqa sözlə, Britaniyanın Aİ-yə qayıdışı hazırda uzunmüddətli perspektiv məsələsidir. Lakin belə bir proses baş verərsə, Azərbaycanın Avropa istiqamətində diplomatik imkanlarının genişlənməsi üçün əlavə şərait yarana bilər. Əsas məqsəd isə həm Londonla ikitərəfli strateji tərəfdaşlığı inkişaf etdirmək, həm də beynəlxalq təşkilatın bütün üzvləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələri gücləndirmək olmalıdır".