Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır.
Oxu.Az bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Qaynağın sözlərinə görə, bu, sadəcə siyasi gediş deyil, hökumət başçısının şəxsi inancıdır. Bir müddət əvvəl Börnhem sağlığında Böyük Britaniyanın Aİ-yə qayıtmasının şahidi olmaq istədiyini də vurğulamışdı. Bu açıqlama noyabrın 20-də Brüsseldə keçirilən Böyük Britaniya - Aİ sammitindən sonra verilib.
Tərəflər kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdırmaq, 6.5 milyard funt-sterlinq dəyərində Britaniya mallarını Aİ-nin karbon vergisindən azad etmək və hər il 100 minədək vizanın verilməsini nəzərdə tutan gənclərin mobilliyi proqramına başlamaq barədə razılığa gəliblər.
Bununla belə, Brüssel bu razılaşmaların icrasını Avropadan olan tələbələrin Britaniya universitetlərindəki təhsil haqqı ilə bağlı şərtə bağlayıb. Rəsmi London hər il 450 milyon funt-sterlinq itirmək təhlükəsindən ehtiyat edərək, yerli və avropalı tələbələr üçün təhsil haqlarının bərabərləşdirilməsinə qarşı çıxır.
Böyük Britaniyanın "Brexit" üzrə baş nümayəndəsi olmuş Devid Frost isə Börnhemin addımlarını "açıq xəyanət" adlandıraraq, onu Brüsselə güzəştə getməkdə günahlandırıb.
Xatırladaq ki, 23 iyun 2016-cı ildə keçirilmiş referendumda vətəndaşların 51.9%-i Böyük Britaniyanın Aİ-dən çıxmasına səs vermişdi. Ölkə 1 fevral 2020-ci ildə rəsmən Avropa İttifaqını tərk edib.