Avropa üçün Azərbaycanın strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri də enerji təhlükəsizliyidir. Hələ 2022-ci ildə ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra "qoca qitə"yə qaz ixracımız 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Həmin görüşdə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevə "Həqiqətən, siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz" deməklə, Azərbaycana artan marağı, inamı və etibarı nümayiş etdirmişdi. Dövlətimizin başçısı da öz növbəsində sözügedən memorandumu "gələcək üçün yol xəritəsi" kimi qiymətləndirmişdi.

Hazırda da Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Bu dövlətlərdən 10-u Aİ-nin üzvüdür. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerjidən çəkdiyi əziyyət Azərbaycanı mühüm tərəfə çevirir. Belə ki, münaqişə başlayandan sonra Avropanın Rusiya enerji daşıyıcılarından imtina etməsi və təchizat mənbələrini şaxələndirməsi fonunda Azərbaycan Aİ-nin əsas alternativ və etibarlı enerji tərəfdaşlarından birinə çevrilib. Azərbaycanın Avropa enerji arxitekturasındakı mövqeyi yalnız mövcud qaz müqavilələri ilə məhdudlaşmır. Burada yaşıl enerji də mühüm rol oynayır. Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirilir. Layihənin əsası 2022-ci ildə dörd ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ilə qoyulub. Dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib. İclasda çıxış edən AK-nın prezidenti Ursula fon der Lyayen, Rumıniya Prezidenti Klaus Yohannis, Macarıstanın keçmiş baş naziri Viktor Orban, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Rumıniyanın Baş naziri Nikolaye Çuke sazişin əhəmiyyət daşıdığını, Azərbaycanın və Prezident İlham Əliyevin Aİ ilə əməkdaşlığa həmişə açıq olmasının təqdirəlayiq olduğunu bildiriblər.
Həmçinin iclasda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Dövlətimizin başçısı əlavə edib ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.
Bütün bunlar da Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Bu kontekstdə noyabrın 12-də Avropa Siyasi Birliyinin Dublin Sammiti çərçivəsində Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanan Strateji Tərəfdaşlıq Birgə Bəyannamə də xüsusi yer tutur. Bəyannamədə Müdafiə və Təhlükəsizlik, Təhsil və İnnovasiya ilə yanaşı, Ticarət, İnvestisiya və Artımla əlaqədar bəndin də yer alması Azərbaycanın artan iqtisadi potensialı və Avropanın enerji təhlükəsizliyində oynadığı rolu nümayiş etdirir. Məhz həmin müddəada iştirakçıların bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəkləri, həmçinin regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər.

Qeyd etmək yerinə düşər ki, noyabrın 18-də - dünən Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful da azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib. O bildirib ki, iqtisadi münasibətlər və enerji təchizatı ilə bağlı Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində böyük potensial var və bu, onların enerji təsərrüfatı, həmçinin iqtisadiyyatları üçün vacib dəstəkdir. Nazirin sözlərinə görə, bütün Cənubi Qafqaz regionu avropalılar üçün şans və yeni imkanlar regionudur. Almaniyalı diplomat bu regionda öz münasibətlərini daha da inkişaf etdirmək istədiklərini və Azərbaycanın burada aparıcı rolu olduğunu vurğulayıb, habelə, hazırda Rusiya-Ukrayna müharibəsi dövründə Avropada enerji təchizatı ilə əlaqəli məsələlər təhlükə altında olduğu üçün, Avropa üçün önəmli tərəfdaşlardan birinin də Azərbaycan olduğunu diqqətə çatdırıb.

Təbii ki, bütün bunlar Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolunun gündən-günə artığını sübuta yetirir. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə bir çox ölkələrin təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı da ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini nümayiş etdirir.