Baku TV-nin "Aktual Gündəm" verilişində politoloq Nazim Cəfərovla siyasi təhlilçi Məhəmməd Əsədullazadə arasında Azərbaycanın xarici siyasəti ilə bağlı fikir ayrılığı yaşanıb.
Nazim Cəfərov Azərbaycanın postsovet məkanında Rusiyanın imperialist iddialarına qarşı formalaşan regional əməkdaşlıq prosesinin iştirakçılarından biri olduğunu bildirib.
O, Ukrayna, Moldova və Gürcüstanla yanaşı, müəyyən müddət Özbəkistanın da bu prosesə qoşulduğunu xatırladıb. Politoloqun sözlərinə görə, həmin dövrdə Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurub, Avropa Şurasına üzvlük istiqamətində isə ölkə daxilində müvafiq hüquqi proseslər həyata keçirilib.
Məhəmməd Əsədullazadə isə bu yanaşmaya etiraz edərək Azərbaycanın xarici siyasətinin Böyük Britaniya ilə əlaqələndirilməsini düzgün saymayıb.
O, Azərbaycanın müstəqil dövlət olduğunu vurğulayaraq deyib: "Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini Böyük Britaniyaya bağlamaq olmaz".