Milli Məclisin ötən iclaslarından birində deputat Müşfiq Cəfərov magistral yollara tərkibində fosfor olan boyaların vurulmasını təklif edib.
O bildirib ki, son illər magistral yollara tərəzilər quraşdırılsa da, bu proses bitənədək ağırtonnajlı maşınlar həmin yolları sıradan çıxarıb, xüsusilə Bakı-Qazax yolunda bir çox hissələrdə sağ, orta zolaqlarla hərəkət etmək mümkün deyil:
"Xüsusilə gecə saatlarında, yağışlı, dumanlı havalarda yolu görmək mümkün deyil və orada ciddi maneələr var. Bu problemin qarşısını qısa zamanda almalıyıq, əks təqdirdə, yağışlı havalarda və gecə saatlarında qəzaların sayı çox ola bilər. İlk növbədə magistral yollara mütləq şəkildə tərkibində fosfor olan boyalar vurulmalıdır. Ən azından onun işıltısı ilə qaranlıqda və yağışlı havada hərəkət etmək mümkün olsun. Nəzərə alaq ki, magistral yolları tam şəkildə işıqlandırmaq böyük vəsait tələb edir. İkinci bir maneə və qəzaların səbəbi yolu iki hissəyə bölən beton sədlər düzüləndə dönüş üçün yerlər qoyulmamasıdır. Layihə başa çatdıqdan sonra AAYDA bu dönüşləri çox təhlükəli şəkildə bir neçə yerdə açdı. Orada bordürlardan istifadə edərək yola müdaxilə etməli oldular. Sürücülər isə gecə saatlarında və yağışlı havada bu döngələrə yaxınlaşdıqda o maneəni görə bilmirlər".
Magistral yollarda tərkibində fosfor olan boyalardan istifadə edilməsi gecə və yağışlı havalarda yol hərəkətinin təhlükəsizliyini nə dərəcədə artıra bilər?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, burada əsas məsələ işlərin texnoloji ardıcılıq ilə həyata keçirilməsidir:

"Ümumilikdə, yol hərəkətində təhlükəsizlik ən vacib məsələlərdən biridir. Şaquli nişanlamada işığı əks etdirən, yəni reflektiv elementləri olan nişanlara daha çox üstünlük verilir. Üfüqi nişanlamada isə ikikomponentli boyadan istifadə olunur və onun üzərinə şüşə tozu səpilərək emal edilir. Bu da işığı əksetdirmə effekti yaradır.
Burada əsas məsələ odur ki, bu növ işlər texnoloji ardıcıllıqla həyata keçirilməli, temperatur rejiminə əməl olunmalı və nişanlamalar mütəmadi təmizlənməlidir. Bu, həm şaquli nişanlara, həm də üfüqi nişanlamaya aiddir. Yəni yolların istismarına aid məsələlərə diqqəti artırmalıyıq".
Onun sözlərinə görə, digər məsələ işıqlandırma ilə bağlıdır:
"Dünyada bununla bağlı fərqli nümunələr mövcuddur. Məsələn, qonşu Gürcüstanda magistral yollar boyunca işıqlandırma sistemi quraşdırılır. Digər ölkələrdə isə yaşayış məntəqələrinin girişləri, magistral yollar boyunca yerləşən süni qurğular, körpülər, yolötürücülər və estakadalar işıqlandırılır.
Burada digər vacib məsələ məsuliyyət bölgüsüdür. Bəzi ölkələrdə yolun istismarı ilə bağlı məsuliyyət özəl şirkətlərə həvalə olunur. Məsələn, Ukraynada yolun istismarı yeddi il müddətinə, Türkiyədə isə on il müddətinə bir şirkətə verilir. Bu halda yolun istismarına həmin şirkət cavabdehlik daşıyır.
Hər hansı qəza baş verdikdə polis hadisə yerində müvafiq qeydlər aparır və faktları qeydə alır. Daha sonra nəzarətçi şirkətin nümayəndəsi və podratçı şirkət əraziyə gəlir. Onların magistral boyunca müəyyən bazaları olur və hadisə yerinə ən yaxın məkandan operativ şəkildə çatırlar. Dağılan və ya sökülən hissələr yerində qeydə alınır, təmir üçün müəyyən vaxt verilir. Həmin müddət ərzində təmir işləri vaxtında aparılarsa, ödəniş həyata keçirilir. Əks halda isə cərimə sanksiyaları tətbiq olunur. Bundan əlavə, yolun təmizlənməsi, ətrafdakı qazonun biçilməsi, nişanların təmiz saxlanılması və zədələnmiş infrastrukturun bərpası kimi işləri də həmin şirkətlər həyata keçirirlər. Bu nümunələri nəzərə alaraq, biz də mövcud risklərə uyğun yeni yanaşmalar tətbiq edə bilərik".
Ekspert əlavə edib ki, beton baryerlərın aralarında boşluq olmadan quraşdırılması vacibdir:
"Bu baryerlər nəqliyyat axınlarını ayırmaq baxımından effektivdir, lakin aralarında boşluqlar olmamalıdır.
Yollar layihələndirilərkən iqlim dəyişikliyi ilə bağlı mövcud risklər də nəzərə alınmalı və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Yol örtüyünü sıradan çıxaran əsas amillərdən biri suyun örtüyə nüfuz etməsidir. Bundan başqa sürtkü yağları, dizel yanacağı və köhnə avtomobillərdən axan digər mayelər də yolun vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Bunun qarşısını almaq üçün ciddi nəzarət həyata keçirilməlidir. Həmçinin, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi də yolların vaxtından əvvəl sıradan çıxmasına gətirib çıxarır.
Yəni hər hansı yoldan danışırıqsa, burada savadlı layihələndirmə və tikinti ilə yanaşı, ciddi qabarit və çəki nəzarəti, eləcə də düzgün istismar məsələləri də önəmlidir.
Düşünürəm ki, bütün bunlar kompleks şəkildə həll olunmalıdır. Siz keyfiyyətli yol tikə, onun üzərində çəki və qabarit nəzarətini təmin edə bilərsiniz. Lakin istismara diqqət yetirməsəniz, həmin yolda müəyyən problemlər yaranacaq.
Eyni yanaşma üfüqi nişanlamaya da aiddir. Bəzən fosforlu nişanlama adlandırılan bu texnologiyanın dünyada məhdud sayda nümunələri mövcuddur. Lakin daha keyfiyyətli ənənəvi üfüqi nişanlama və işığı əks etdirən şaquli nişanlar dünyada geniş tətbiq olunur.
Düşünürəm ki, biz də mövcud nişanlamaların keyfiyyətinə daha çox diqqət yetirməli, onların istismarına, xüsusilə də təmizliyinə fikir verməliyik ki, işığı daha yaxşı əks etdirə bilsin".