Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, yerli sakin təxminən yeddi il ağzında yad cisimlə gəzib.
Qadın bildirib ki, uzunmüddətli soyuqdəymə səbəbindən həkimlərə müraciət edib və onlar da pasiyenti KT müayinəsinə yönləndiriblər.
Müayinə zamanı xəstənin diş kanalında stomatoloqun yaddan çıxardığı iynə, haymor boşluğunda isə plomb qırığı aşkar edilib.
Pasiyent hər iki yad cismin təxminən yeddi il öncə stomatoloqa etdiyi sonuncu müraciət zamanı qaldığını güman edir. Həmin vaxtdan bəri o, digər diş həkimlərinə getməyib və ağız boşluğunda kənar əşyaların olmasından ümumiyyətlə xəbər tutmayıb. Mütəxəssislər iynəni xaric etmək üçün qadına ümumi anesteziya altında əməliyyat keçirməyi tövsiyə ediblər.