Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Belarusda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Noyabrın 19-da Qaluzin Zurabaşvili ilə bərpa edilmiş birbaşa Rusiya-Gürcüstan dialoqu çərçivəsində görüşüb", - deyə məlumatda qeyd olunub.
Rusiya XİN-dən bildirilib ki, tərəflər Rusiya ilə Gürcüstan arasında münasibətlərin gələcək inkişafı naminə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Gürcüstan hökuməti oktyabrın sonunda Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndə təyin edib. Bu vəzifəyə ölkənin xarici işlər nazirinin birinci müavini G.Zurabaşvili gətirilib.
2024-cü ilin yazından vakant qalan bu vəzifəyə yeni təyinat Tbilisinin Moskva ilə birbaşa dialoqu bərpa etmək qərarı ilə əlaqələndirilir.