"Anthropic" şirkətində çalışan türkiyəli riyaziyyatçı Levent Alpöge şirkətin süni intellekt modeli "Claude" ilə birlikdə 167 ildir həllini gözləyən Riman hipotezinin sübutunu tapdığını açıqlayıb. Hələ müstəqil ekspertlər tərəfindən təsdiqlənməyən bu iddia elmi ictimaiyyətdə böyük maraq doğurub.
Oxu.Az Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Riman hipotezi ilk dəfə 1859-cu ildə alman riyaziyyatçısı Bernhard Riman tərəfindən irəli sürülüb. Bu hipotez riyaziyyatın ən mühüm açıq problemlərindən biri hesab olunur və sadə ədədlərin paylanması ilə bağlıdır.
Sadə ədədlər yalnız 1-ə və özünə bölünən 2, 3, 5 və 7 kimi ədədlərdir. İlk baxışdan onların paylanması nizamsız görünsə də, Riman bu ədədlər arasında hələ sübut edilməmiş riyazi qanunauyğunluğun olduğunu irəli sürüb.
Hipotezin sübut edilməsi sadə ədədlərin paylanmasının daha yaxşı anlaşılmasına imkan verəcək və riyaziyyatın müxtəlif sahələrində mühüm nəticələrə səbəb ola bilər.
Riman hipotezi Kley Riyaziyyat İnstitutunun həllinə görə 1 milyon dollar mükafat vəd etdiyi "Minilliyin Problemləri" hesab olunan yeddi problemdən biridir.
Levent Alpöge "Claude" ilə apardığı işdə süni intellektin riyazi mühakimə qabiliyyətindən istifadə edib. Alpöge tədqiqatın bir hissəsi olaraq "Lean" proqramlaşdırma dilində hazırlanmış sübut kodlarını da paylaşıb. Təxminən 17 milyon sətirdən ibarət bu kodlar riyazi addımların kompüter vasitəsilə yoxlanılmasına imkan verir.
Levent Alpögenin işi mütəxəssislər tərəfindən təsdiqlənərsə, bu, həm riyaziyyat tarixi, həm də süni intellektin köməyi ilə aparılan elmi tədqiqatlar baxımından mühüm dönüş nöqtəsi olacaq.