"Hazırda Türkiyə NATO-nun mühüm ölkəsidir, lakin NATO-nun Avropadakı təhlükəsizlik arxitekturası Yaxın Şərqdə təhlükəsizliyimizi təmin etmədi".
Oxu.Az-ın "Türkiye" qəzetinə istinadən xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisinin Planlaşdırma və Büdcə Komitəsində ölkənin Xarici İşlər Nazirliyinin 2027-ci il büdcəsi ilə bağlı keçirilən komissiya zamanı bildirib.
Məkkə Alyansı ilə bağlı Hakan Fidan qurumun məqsədinin regional təhlükəsizliyi və ölkələr arasında təcavüzkarlığın qarşısının alınmasını təmin etmək olduğunu vurğulayıb:
"Əslində hər kəs eyni şeyi istəyir, lakin metodologiya fərqlidir. Təhlükəsizlik ittifaqı quran insanlar onları başqalarına qarşı yaratmırlar. Qurulan ittifaqın ikinci məqsədi hücumlara cavab verməkdir. Birinci məqsədi isə bir-birinə qarşı artıq təhdid yaratmadıqlarını, bir-birinə hücum etməyəcəklərini zəmanət altına almaqdır, möhürləməkdir. Artıq bir-birimizə hücum etməyəcəyik, hücum olarsa, başqasına hücum edəcəyik. Avropada bir təhlükəsizlik arxitekturası mövcuddur. Avropa təhlükəsizlik arxitekturası illərdir NATO-nun mövcudluğu ilə qorunub saxlanılıb. Hazırda Türkiyə NATO-nun mühüm bir ölkəsidir, lakin NATO-nun Avropada ortaya qoyduğu təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etmədi. İllərdir Suriya və İraqdan gələn təhdidlərlə üzləşmişik. Yəni bu təhdidlər təkrar-təkrar ortaya çıxacaq təhdidlərdir".