"Aloe, fikus və hortenziya kimi geniş yayılmış otaq bitkiləri ev heyvanları üçün ölümcül dərəcədə təhlükəli ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı professor Damir Udavliyev RT-yə açıqlamasənda deyib.
O qeyd edib ki, bir çox bitkilərin tərkibində olan alkaloidlər, qlikozidlər, oksalatlar və saponinlər itlərin və pişiklərin dərisinə, tüklərinə və ya selikli qişalarına təmas etdikdə ciddi zəhərlənmələrə səbəb olur. Bunun səbəbi pişik və itlərdə toksinləri parçalayan və zərərsizləşdirən fermentlərin ümumiyyətlə olmaması və ya çox zəif fəaliyyət göstərməsidir.
"Məsələ yalnız bəzi fermentlərin çatışmazlığında deyil, həm də heyvanların maddələr mübadiləsinin insan metabolizmindən əsaslı şəkildə fərqlənməsindədir. Toksinlər orqanizmdən xaric olmur, əksinə, orada toplanır", - deyə D.Udavliyev bildirib.
Ekspertin sözlərinə görə, diffenbaxiya, monstera, spatifillum, zamiokulkas və filodendron kimi bitkilərin tərkibində kalsium oksalat kristalları mövcuddur. Selikli qişalarla təmas zamanı onlar qırtlağın şişməsinə, qıcıqlanmaya, bol tüpürcək ifrazına və nəfəsalmanın çətinləşməsinə səbəb olur, mədəyə düşdükdə isə qusma və böyrək zədələnməsi yarada bilər. Azaliya bitkisi koordinasiyanı pozan və böyük dozalarda tənəffüs iflicinə gətirib çıxaran qrayanotoksinlərə görə təhlükəlidir.
Saqo palması heyvanların qaraciyəri üçün zəhərli olan sikazin ehtiva edir, hətta kiçik miqdarı belə ölümcül olan oleandr isə aritmiya və kollapsa səbəb olan ürək qlikozidlərinə malikdir.
Potensial təhlükə daşıyan digər bitkilər arasında Udavliyev aloe, sarmaşıq, amarillis, hippeastrum, kliviya, siklamen, hortenziya, beqoniya, puansettiya, fikus, drasena, sanseviyerya, bruqmansiya və südləyənin adlarını çəkib. Onlar qusma, ishal, qıcolmalar, selikli qişaların zədələnməsi və ürək fəaliyyətinin pozulması ilə nəticələnə bilər.
Mütəxəssis, xüsusilə də toksinlərin ən yüksək konsentrasiyada olduğu amarillis soğanlarına və siklamen kök yumrularına qarşı son dərəcə diqqətli olmağı tövsiyə edib.