Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, hakim Çin avtomobilinin xarici görünüşünün "Jaguar Land Rover" (JLR) konserninin müəllif hüquqlarını pozduğu qənaətinə gəlib.
Buna səbəb modelin "Land Rover Defender" markalı yolsuzluq avtomobilinin səciyyəvi və asanlıqla tanınan dizayn elementlərini təkrarlamasıdır.
Məhkəmə iddiasına Britaniya saytında BYD-nin "Ti7" modelinin sifarişlərinin qəbuluna başlanılması səbəb olub. Avtomobilin tədarükünə 2027-ci ilin yanvarında başlanması nəzərdə tutulurdu. Çində bu model ötən ildən "FangChengBao Ti7" adı ilə satılır.
Ekspertlər və avtomobil nəşrləri iki model arasındakı oxşarlığın əsasən bucaqlı kuzov formasında, düz damda, şaquli kuzov proporsiyalarında, baqaj qapısının dizaynında, kvadrat təkər tağlarında və arxa sərnişin qapılarının arxasındakı kuzov rəngli bütöv paneldə özünü göstərdiyini qeyd edirlər.
Satış qadağası bir həftə sonra qüvvəyə minəcək. Əqli mülkiyyət hüquqları ilə bağlı əsas məhkəmə araşdırması başa çatanadək BYD-yə Macarıstandakı yeni zavodunda da bu modelin yığılması qadağan edilib. Həmin zavodda kütləvi istehsalın 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır. Bununla belə, hakim qərara alıb ki, məhkəmənin yurisdiksiyası Çin şirkətinin Britaniyadakı bölməsinə şamil edilmir.
BYD şirkəti qərarla qəti şəkildə razılaşmadığını və ondan apellyasiya şikayəti verəcəyini bildirib. Marka nümayəndələri "Ti7" modelinin dizaynının müstəqil işlənib hazırlandığını və JLR-in hüquqlarını pozmadığını iddia edirlər.