Çində BYD şirkətinin istehsalı olan "Yangwang U9 Xtreme" superkarı qəzaya düşüb.
Oxu.Az "CarNewsChina"ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə qapalı trasda avtomobili saatda 500 kilometr maksimal sürətə çatdırmaq cəhdi zamanı baş verib.
Zərbənin təsirindən avtomobilin arxa oxu tamamilə qopub. Sürücü xəsarət almayıb və avtomobildən özü çıxmağı bacarıb.
"Yangwang U9 Xtreme" dörd elektrik mühərriki ilə təchiz edilmiş idman avtomobilidir. Model 1 200 volt gərginlik üçün nəzərdə tutulmuş silisium-karbid platforması üzərində qurulub. Güc qurğusunun maksimal gücü 2 220 kVt, xüsusi gücü isə hər ton kütləyə 895 kVt (1 200 at gücü) təşkil edir. Avtomobil 30C boşalma texnologiyasına malik 80 kVt/saat tutumlu batareya ilə təchiz olunub.
Qeyd edək ki, "Yangwang U9 Xtreme" daha əvvəl dünyanın ən sürətli seriyalı avtomobili kimi rekord müəyyənləşdirib. Almaniyanın Papenburq sınaq trasında model saatda 496.22 kilometr sürətə çatıb. Avtomobilin qiyməti təxminən 3 milyon dollardır.
Noyabr ayında Birləşmiş Ərəb Əmirliklərində "Yangwang U9 Xtreme" ilə saatda 500 kilometr həddini aşmaq məqsədilə rekord sürət sınağının keçirilməsi planlaşdırılırdı.