Rusiyanın paytaxtı Moskvada bloqer kinoteatrlardan biri ilə razılığa gələrək, "GTA 6" oynadığını nümayiş etdirmək üçün zal icarəyə götürüb.
Oxu.Az "Ostorojno, novosti" "Telegram" kanalına istinadən xəbər verir ki, o, zalı 2.5 saatlıq, 75 min rubla (təxminən 1 500 manat) icarəyə götürüb.
Aleksey adlı bu bloqer bildirib ki, ideya insanların GTA oynamağına baxmaq üçün evlərinə qonaqlar dəvət etməsi ilə bağlı çoxsaylı zarafat xarakterli elanlardan sonra yaranıb.
Oyunun nümayişi isə "GTA 6"nın satışa çıxdığı gün - noyabrın 19-da baş tutub. Tədbirə giriş pulsuz olub və orada təxminən 45 nəfər iştirak edib.
"İnsanlar mənim oyunu necə oynadığıma baxırdılar. Lakin tədbir zamanı hərrac da təşkil etdik: iştirakçılar oyun pultunu düz 20 dəqiqə idarə etmək imkanı uğrunda mübarizə apara bilərdilər. 4 500 rubl təklif edən şəxs qalib gəldi. O da böyük ekranda 20 dəqiqə oyun oynadı", - Aleksey əlavə edib.
Bloqerin sözlərinə görə, kinoteatrın əməkdaşları onun təşəbbüsünə müsbət yanaşıblar. "Onlar əvvəlcə nə etmək istədiyimizi tam anlamırdılar, lakin sonradan prosesə daha çox cəlb olundular", - bloqer deyib.