Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb.
Oxu.Az-ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib.
Vəkilin sözlərinə görə, müğənni özünü yaxşı hiss edir, saxlanma şəraiti, qidalanma və ya yuxu ilə bağlı heç bir şikayət bildirmir və şən əhvali-ruhiyyəsini qoruyur. Vəkili ilə saatlarla davam edən söhbət zamanı musiqiçi qeyd edib ki, ilham onu, hətta istintaq təcridxanasında da tərk etməyib və yeni material üzərində işləməyə başlayıb.
"O özünü əla hiss edir. Biz dünən saatlarla söhbət etdik. Çox sadə bir oğlandır, qətiyyən ulduz xəstəliyinə tutulmayıb, hörmətcil və istedadlıdır. Hətta dedi ki, artıq istintaq təcridxanasında mahnılar yazmağa başlayıb", - deyə vəkil bildirib.
Rəna Kərimova əlavə edib ki, sənətçi gələn həftə apellyasiya şikayətinə baxılmasını gözləyir. Müdafiə tərəfi qətimkan tədbirinin girov müqabilində azadlığa buraxılma ilə əvəz edilməsinə nail olmaq istəyir. Çətinlik ondadır ki, sənətçi əcnəbidir və bu da prosessual riskləri artırır.
Vəkil, həmçinin çox sayda ittihamla bağlı şayiələri təkzib edib və Navainin yalnız bir maddə üzrə - narkotik qaçaqmalçılığında ittiham olunduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiyada və postsovet məkanında məşhur olan müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb. O, narkotik maddələrin qaçaqmalçılığında şübhəli bilinir. İfaçı məhbuslara qarşı işgəncə faktları ilə gündəmə gəlmiş istintaq təcridxanasına yerləşdirilib.