Qazaxıstanda saxlanılan azərbaycanəsilli rusiyalı reper Navai (əsl adı Nəvai Bəkirov) məhbuslara qarşı işgəncə faktları ilə gündəmə gəlmiş istintaq təcridxanasına yerləşdirilib.
Oxu.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Qazaxıstanın Taraz şəhərində yerləşən 13 nömrəli istintaq təcridxanası 2022-ci ildə istintaq altında olan şəxslərlə amansız rəftar və işgəncə faktlarına görə gündəmə gəlmişdi. Hadisələr böyük rezonans doğurduqdan sonra ölkənin Baş Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı araşdırmalara başlamağa məcbur olmuşdu.
"Mash" kanalının məlumatına görə, Nəvai Bəkirov hazırda təkadamlıq kamerada saxlanılır. İfaçının vəkili məsələni üç həftə ərzində hüquqi müstəvidə həll edərək prosesi yekunlaşdırmağa ümid edir.
Rusiyanın Almatıdakı Baş Konsulluğu azərbaycanəsilli rusiyalı repçi Navai (Nəvai Bəkirov) Qazaxıstanın cənubunda həbs olunduqdan sonra ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı TASS agentliyinə məlumat verib.
"Biz Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinə Rusiya vətəndaşı ilə bağlı yaranmış vəziyyətə dair rəsmi şərh verilməsi xahişi ilə nota göndərmişik", - deyə konsulluğun mətbuat xidmətinin əməkdaşı bildirib.
O vurğulayıb ki, Baş Konsulluq yaranmış vəziyyəti diqqətlə izləyir və nəzarətdə saxlayır.
Azərbaycanlı reper Navai Qazaxıstanda narkotik qaçaqmalçılığı ilə bağlı açılan cinayət işində günahkar olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Musiqiçi hazırda müvəqqəti saxlama təcridxanasında yerləşdirilib. Onun barəsində iki aylıq həbs qərarı qəbul edilib.
Xəbərdə bildirilir ki, oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada Navainin böyük solo konserti - payızın ən çox gözlənilən musiqi hadisələrindən biri baş tutmalı idi. Lakin tədbirə dörd saat qalmış bilet satışı üzrə operator konsertin "texniki səbəblərdən" ləğv olunduğunu elan edib. Tamaşaçılara bilet pullarını aldıqları platformalar vasitəsilə geri qaytarmaq təklif olunub. Həmçinin, oktyabrın 16-da Moldovada keçirilməsi planlaşdırılan konsertin də dekabrın 8-nə təxirə salındığı diqqət çəkib.
Tanınmış azərbaycanəsilli Rusiya repçisi Navai (əsl adı - Nəvai Bəhmən oğlu Bəkirov) iki ay müddətinə həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, musiqiçi Qazaxıstanda narkotik qaçaqmalçılığı işi üzrə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 14-də Qırğızıstandan Qazaxıstana giriş zamanı Navaidə narkotik vasitə aşkarlayıblar. Onun Astanada konsert proqramı ilə çıxış etməsi planlaşdırılırdı. Xidməti it qadağan olunmuş maddələri sənətçidən başqa sürücü də daxil olmaqla daha üç nəfərin olduğu avtomobildə tapıb. Dindirmə zamanı Navai narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.
"SHOT" "Telegram" kanalı məlumat yayıb ki, Bəkirovla avtomobildə olan daha iki nəfər onunla birlikdə saxlanılıb. Hazırda onlar sərbəst buraxılıblar.
Məlumata əsasən, həbs edilən zaman sənətçi "Mercedes-Benz" markalı avtomobili idarə edirmiş. Navai narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etdiyinə görə Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bu bənd üzrə cəza sürücülük hüququndan yeddi il müddətinə məhrum edilmə və 15 sutka inzibati həbsi nəzərdə tutur.