Qırğızıstanın Dövlət Sərhəd Xidməti rusiyalı reper Navainin (Nəvai Bəkirov) narkotik vasitələrlə ölkənin sərhədini keçməsi ilə bağlı xidməti araşdırmaya başlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, araşdırmanın məqsədi sənətçinin "Ak-Jol - avtomobil yolu" sərhəd-keçid məntəqəsində yoxlamadan keçməsinin bütün hallarını müəyyənləşdirməkdir.
Qurumdan bildirilib ki, pozuntu aşkar edilərsə, məsul vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
KİV-in məlumatına görə, reperin avtomobili Qazaxıstanın "Korday" keçid məntəqəsində saxlanılıb. Yoxlama zamanı xidməti it sürücü oturacağının cibində marixuana aşkar edib. Navai narkotik vasitəni Qırğızıstanın paytaxtında konsertindən sonra aldığını bildirib.
Narkotik maddələr müsadirə edilib, reper isə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onunla birlikdə sürücü və konsert direktoru da daxil olmaqla daha üç nəfər saxlanılıb.