Daşkəndə "Azərbaycan Mədəniyyət Günləri" çərçivəsində keçiriləcək tədbirləri işıqlandırmaq üçün ezam olunmuşam.
Biz Daşkəndə çatanda Özbəkistan vaxtı ilə saat 05:30 idi. Hotelə gəlməyimiz və otaqlara yerləşməyimiz xeyli zaman aldı. Artıq dan yeri sökülməyə başlamışdı.
Bizə ayrılan otağa təzə daxil olmuşduq ki, "WhatsApp" qrupumuza mesaj gəldi: "Dostlar, səhər yeməyi artıq açılıb və saat 10:00-a qədər aktivdir. Nəzərə almağınızı xahiş edirik".
Çətin ki, bu qədər yorğunluqdan sonra kimsə yemək üçün yenidən aşağı düşmək həvəsində olardı. Deyəsən, heç düşən də olmadı. Yatmaq və dincəlmək yeməyə qalib gəlmişdi...
Hoteldən çıxışımız nahar yeməyində baş tutdu. Bildirildi ki, nahardan sonra incəsənət ustaları sabahkı tədbirin məşqinə, jurnalistlər isə mediatura gedəcəklər. Belə də oldu.
Qısa bir haşiyə çıxım:
Daşkənd özlüyündə çox maraqlı şəhərdir. Özbəklər deyirlər ki, dəfələrlə zəlzələlərdə dağılsa da, onu yenidən bərpa ediblər və tarixdən qalan yadigarları göz bəbəkləri kimi qoruyurlar.
"Göz bəbəyi kimi qorumaq" ifadəsi, onların turistləri heyrətləndirmək üçün dedikləri gəlişi gözəl söz deyil - Özbəkistanda olan hər kəs bunu təsdiq edə bilər. Onlar tarixi yalnız yaşatmırlar, həm də tarixlə yaşayırlar.
Gəlim mətləb üstünə:
Nahardan sonrakı mediatur zamanı ən çox diqqətimi çəkən nəhəng "Çorsu bazarı" oldu.
Bazarın adı fars mənşəli "çorsu" sözündən götürülüb "yolların kəsişməsi", mənasını verir.
Deyilənə görə əsrlər boyu müxtəlif istiqamətlərdən gələn tacirlərin, səyyahların və alıcıların yolları məhz belə ticarət məkanlarında kəsişibmiş. Daşkənddə bu məkana "Çorsu" adı verilməsinin səbəbi də bu olub.
Bazarın ən diqqətçəkən memarlıq elementi böyük mavi-firuzəyi günbəzli binasıdır. Kənardan baxanda hansısa nəhəng məqbərənin gümbəzini xatırladır. İçəri daxil olanda isə bu gümbəzin böyük bir ticarət mərkəzinə çətir olduğunun şahidi olursan.

Bu bazarda necə deyərlər "quş iliyi, can dərmanı" nə desən var. Həm günbəzin altında həm də ətrafındakı ticarət sıralarında rənglərin, qoxuların və səslərin bir-birinə qarışdığı başqa bir dünya var.
"Çorsu" sıradan bir bazar deyil, ona tarixin canlı bir parçası yaxud səhnəsi də demək olar.

Sözünü etdiyim gözoxşayan firuzəyi günbəzli bina təxminən 300-350 metr diametrində olan nəhəng kompleksin mərkəzində yerləşir.
Əsas gümbəzin diametri 86-90 metr, hündürlüyü təxminən 30 metrdir və o, daha yeddi kiçik günbəzlə əhatə olunub.
Çorsu bazarı ikimərtəbəlidir.
Birinci mərtəbədə ət, süd və müxtəlif təzə kənd təsərrüfatı məhsulları satılır.
İkinci mərtəbədə isə çeşidbəçeşid ədviyyatlar, quru meyvələr, çərəzlər və Şərq şirniyyatları satılır.
Həmsöhbət olduğum satıcılar özbək və taciklər idilər. Mallarını satmaq üçün dil boğaza qoymurdular...
Bazarın açıq hissəsində isə ayrıca bir kulinariya məkanı mövcuddur ki, burada da özbək plovu, təzə bişmiş samsa, kabab və adını bilmədiyim təamlar hazırlanır. Turistlərin diqqətini çəkən bu hissəyə zarafatla "Qarınqulular sırası" da deyirlər.
Çorsuda bir neçə saat keçirmək kifayətdir ki, özünü Daşkəndin əsrlər boyu qoruyub saxladığı Şərq bazarı ənənələrini mərkəzində hiss edəsən.
Çorsu bazarında bir qədər vaxt keçirdikdən sonra anlayırsan ki, bura sadəcə ticarət məkanı deyil. Bura Daşkəndin yaddaşı, özbək xalqının qonaqpərvərliyi və Şərq bazarlarının əsrlərdən gələn ruhudur.
Bir tərəfdə alıcılarla satıcıların səmimi söhbətləri, digər tərəfdə rəngarəng məhsullar, havada dolaşan təndir çörəyinin və ədviyyatların ətri...
Buradan ayrılarkən insan özü ilə yalnız aldığı məhsulları deyil, həm də xoş təəssüratlar aparır.
