Ukraynalı boksçu Vladimir Kliçkonun keçmiş nişanlısı, tanınmış aktrisa Hayden Panettyerinin ölüm səbəbi kimi bir sıra maddələrin, o cümlədən fentanil, 4-ANPP, alprazolam, metokarbamol və kvetiapinin zəhərli təsiri göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, aktrisanın ölümü rəsmən bədbəxt hadisə kimi qiymətləndirilib: bədəndə heç bir xəsarət və ya cinayət əlaməti tapılmayıb.
Hayden Panettyeri avqustun 16-da Cənubi Karolina ştatının Qrinvill şəhərində vəfat edib. Həmin vaxt 911 xidmətinə ürək dayanması ilə bağlı müraciət daxil olub. Xilasedicilər dərhal hadisə yerinə gələrək reanimasiya tədbirlərinə başlasalar da, aktrisanın həyatını xilas etmək mümkün olmayıb. Təcili yardım xidmətinə sənətçinin tanışı zəng edib.
Geniş izləyici auditoriyası Panettyerini "Qəhrəmanlar" serialındakı "Kler Bennet" və "Neşvill" musiqili dramındakı "Cülyetta Barns" rolları ilə xatırlayır. O, həmçinin "Qışqırıq 4" və "Qışqırıq 6" filmlərində "Kirbi" obrazını canlandırıb, "Titanları xatırla", "Buz şahzadəsi" və "Uğur qazan 3: Hər şey və ya heç nə" ekran işlərində çəkilib. "Neşvill"dəki roluna görə aktrisa iki dəfə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.
Hayden asılılıq problemləri barədə həmişə açıq danışırdı. O, 2016-cı ildə kinematoqrafiyaya müvəqqəti ara vermiş, 2023-cü ildə isə "Qışqırıq 6" ilə yenidən ekranlara qayıtmışdı. 2026-cı ilin may ayında sənətçi "This Is Me: A Reckoning" ("Bu mənəm: Hesablaşma") adlı memuarını təqdim etmiş, orada zərərli vərdişlərlə mübarizəsindən və Hollivudda böyüməyin necə bir hiss olduğundan səmimi şəkildə bəhs etmişdi.