Almaniyada ümumtəhsil məktəblərinə kütləvi şəkildə minalanma ilə bağlı xəbərdarlıq ismarışları daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən təhdid mesajları Baden-Vürtemberq, Türinqiya, Aşağı Saksoniya və digər federal əyalətlərdəki təhsil müəssisələrinə göndərilib.
Türinqiya polisi bu hədələrin gerçək olmadığını bildirərək məktəblərə təxliyə prosesini həyata keçirməməyi tövsiyə edib. Bundan əvvəl Baden-Vürtemberq əyalətinin Frayburq-im-Braysqau şəhərinin polis idarəsi regiondakı 450-dən çox məktəbə analoji ismarışların gəldiyini açıqlamışdı. Şəhər hüquq-mühafizə orqanları təhsil ocaqları üçün hər hansı bir real təhlükə əlaməti görmədiklərini də vurğulayıblar.
Qonşu Danimarkanın polis idarəsi də noyabrın 23-də yerli məktəblərə elektron poçt vasitəsilə minalanma barədə kütləvi məktubların göndərildiyini bəyan edib. Danimarka hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik üçün real təhdidin olmadığını düşünürlər.