Şimali Koreya lideri Kim Çen In artıq bir ildən çoxdur ki, ABŞ Prezidenti Donald Trampın münasibət qurmaq cəhdlərini geri çevirir, onun telefon zənglərini cavabsız, məktublarını isə oxunmamış vəziyyətdə saxlayır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına əsasən, əlaqələrdəki bu soyuqluq Trampın 2025-ci ildə Ağ Evə yenidən rəhbər seçilməsindən az sonra müşahidə olunmağa başlayıb.
Bildirilir ki, Pxenyan rəsmi xətlərlə olunan zəngləri qəbul etməyib, Şimali Koreyanın BMT-nin Nyu-Yorkdakı nümayəndəliyində çalışan diplomatı isə ABŞ liderinin açılmamış məktubunu Birləşmiş Ştatlar rəsmisinə geri qaytarıb.
"Çində baş tutan sonuncu sammit ərəfəsində ABŞ rəhbərliyi görüşə nail olmaq üçün ciddi güzəştlərə getməyi, o cümlədən Koreya müharibəsinin rəsmi şəkildə bitdiyini elan etməyi və nüvəsizləşdirmə mövzusundakı tələbləri yumşaltmağı planlaşdırıb. Ancaq Pxenyan Vaşinqton üçün məqbul sayılmayan şərtlər irəli sürüb, Kim Çen In isə Trampın Asiya səfəri zamanı Pxenyandakı zavodlardan birinə baş çəkməyi daha üstün tutub", - deyə materialda vurğulanır.
Ötən həftə Donald Tramp növbəti dəfə Kim Çen Inla bir araya gəlmək istəyini bəyan edib. Bununla belə, ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Ağ Ev rəhbərliyi Şimali Koreya lideri ilə mümkün görüş məsələsinə olduqca ciddi yanaşır.