Şimali Koreya lideri Kim Çen In Samjiyon şəhərində turizm zonasının tikinti sahəsinə baş çəkib. Yoxlama zamanı onun üçün açıq havaya dəbdəbəli kreslo çıxarılıb.
Oxu.Az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Kim Çen In noyabrın 17-də Samjiyon şəhərində turizm zonasının tikinti sahəsinə baş çəkib.
Hazırda ərazidə dağ turizmi kompleksi və ilboyu fəaliyyət göstərəcək turizm zonasının tikintisi aparılır. Kim Çen In Pukpxotxe dağı ərazisində inşa edilən xizək və istirahət zonası ilə tanış olub.
Agentliyin yaydığı fotolardan görünür ki, yoxlama zamanı Şimali Koreya lideri üçün açıq havaya dəbdəbəli kreslo çıxarılıb və qarın üzərinə qoyulub. Kim Çen In əlində siqaret tutaraq həmin kresloda əyləşib.
Bundan başqa, Şimali Koreya liderinin qızı Kim Çju E də kameralara düşüb. O, yeni turizm zonasında xizək sürüb.
