Ermənistanda yeni konstitusiya layihəsi dərc olunub və mətndə Müstəqillik Bəyannaməsinə heç bir istinad öz əksini tapmayıb. Layihədə, həmçinin vurğulanır ki, konstitusiya daxili və xarici münasibətlərin əsas prinsiplərinə dair kollektiv bir razılaşmadır.
Qeyd edək ki, sənədin ictimai müzakirəyə çıxarılması ölkənin daxili siyasi gündəliyində mühüm hadisə olmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində yekun sülhün əldə olunması baxımından da diqqət çəkir. Çünki Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan konstitusiyasındakı mübahisəli müddəaların, daha dəqiq desək, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin çıxarılması ilə bağlıdır.
Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsi 12 bənddən ibarətdir. Sənəddə həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddiaları var. Bəyannamə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsini, "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən "soyqırımı"nın tanınması"nı dəstəkləyir. Ermənilər "Qərbi Ermənistan" dedikdə, Türkiyə Respublikasına, "Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi" dedikdə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürdülər. Ermənistanın qüvvədə olan konstitusiyasının həmin bəyannaməyə istinadı da hər iki ölkəyə qarşı ərazi iddiasının davam etməsi deməkdir.
Ermənistanda yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad edilməməsi, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina anlamına gəlir. Konstitusiya layihəsi qəbul edilsə, bu iddialar rəsmən aradan qaldırılacaq.
Həmçinin, konstitusiyanın 21-ci maddəsində ölkənin dövlət rəmzləri (bayraq, gerb, himn) təsvir olunur. Həmin maddəyə və "Dövlət gerbi haqqında" Qanuna əsasən, Ermənistanın rəsmi gerbinin mərkəzində Türkiyə ərazisində yerləşən Ağrı dağının təsviri həkk olunub. Bu detal da dövlət səviyyəsində Türkiyə ərazisinə tarixi-simvolik iddia kimi mübahisə predmetidir. Yeni konstitusiya layihəsində isə Ermənistanın rəmzləri 16-cı maddədə əksini tapıb. Həmin bənddə Ermənistanın rəmzləri gerb, bayraq və himndir. Himn, eləcə də gerb və bayrağın təsvirinin referendum yolu ilə qəbul edilən qanunla müəyyənləşdirildiyi qeyd olunsa da, konkret ad çəkilmir və Ağrı dağı xüsusi vurğulanmır.
Bununla yanaşı, yeni konstitusiya layihəsində Erməni Apostol Kilsəsi ilə bağlı hissədə kiçik dəyişiklik edilib. Hazırkı konstitusiyada Ermənistan dövləti ilə Erməni Apostol Kilsəsi arasındakı münasibətlərin "qanunla tənzimlənə biləcəyi" yazılır. Təklif edilən yeni layihədə isə münasibətlərin "qanunla tənzimləndiyi" bildirilir.
Kilsənin Ermənistanın ictimai-siyasi həyatında, ictimai rəyində mühüm rol oynadığını, erməni revanşizminin təməlində dayanan əsas elementlərdən biri olduğunu və indiki hökümətlə son illərdə yaranan gərginliyi də nəzərə alsaq, təklif edilən dəyişiklik maraqlıdır.
Qeyd edək ki, noyabrın 19-da Nazirlər Kabinetinin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistanın 1990-cı il tarixli Müstəqillik Bəyannaməsi və mövcud konstitusiyanın preambulasında istinad regional münaqişələrə töhfə verib. O, bəyannamədə Sovet Ermənistanının və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən birləşdirilməsinə istinadlara, eləcə də ermənilər tərəfindən hazırda Türkiyənin şərqindəki ərazilər üçün istifadə olunan "Qərbi Ermənistan"a işarə edərək bildirib ki, bu cür istinadlar qonşularla münasibətlərə mənfi təsir göstərir.
Xatırladaq ki, Azərbaycan ən ali səviyyədə dəfələrlə Ermənistan konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını sülh müqaviləsinin imzalanması üçün yeganə ilkin şərt kimi irəli sürüb.