Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə "Hessen" sülh mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığı və bu qərarın absurd adlandırıldığı ilə bağlı material dərc edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, məqalə müəllifi mükafatın təsisçilərinin birtərəfli yanaşma seçməsindən və Azərbaycan Prezidenti İlham Əliyevi qeyd etməməsindən təəccübünü ifadə edir, çünki Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi idi.
Nəşr xatırladır ki, 2025-ci ilin yayında Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə birgə bəyannamə imzalayaraq çoxillik qarşıdurmanın başa çatmasının əsasını qoyublar.
"Münaqişənin başa çatmasının hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi olmasına baxmayaraq, mükafat yalnız Paşinyana verildi. Ermənistanın baş naziri xüsusi olaraq Almaniyaya getdi və münsiflər heyətinin birtərəfli yanaşmasını görməzdən gələrək mükafatı qəbul etdi", - məqalədə bildirilir.
Müəllifin fikrincə, Hessen mükafatının verilməsi qərarı Ermənistan-Azərbaycan barışığının Azərbaycan və Ermənistan rəhbərliyinin birgə nailiyyəti kimi qiymətləndirildiyi digər beynəlxalq mükafatlardan xüsusilə kəskin şəkildə fərqlənir.
"2026-cı ilin fevralında Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan beynəlxalq münsiflər heyəti tərəfindən verilən və 1 milyon dollar fondu olan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı, bu ilin aprelində isə sülh və barışıq üçün "Gernika" mükafatını alıblar. "Hessen" mükafatının administrasiyası bu beynəlxalq kontekstə məhəl qoymayaraq Azərbaycanı ümumi sülh formulundan kənarda qoyub və ikitərəfli siyasi nailiyyəti Nikol Paşinyanın şəxsi töhfəsinə çevirib", - məqalədə qeyd edilir.
Müəllif vurğulayır ki, "Hessen" mükafatının təşkilatçıları Ermənistandakı demokratik islahatları ayrıca qeyd edərək Paşinyanın daim demokratik islahatlar prosesinə rəhbərlik etdiyini və ölkədə demokratik institutların yaradılması üçün yorulmadan səy göstərdiyini bildirib. Bununla belə, müəllif bu qiymətləndirmələri şübhə altına alan bir sıra faktları diqqətə çatdırır:
"Lakin təkzibolunmaz faktlar bunun əksini göstərir - Ermənistanda müxalifətin təqib olunması pik həddə çatıb, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində isə avropalı müşahidəçilər bir sıra ciddi pozuntular aşkar ediblər".
Materialda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidə missiyasının rəhbəri Fərəh Kəriminin sözləri sitat gətirilir. O bildirib ki, Ermənistanda seçki kampaniyası son dərəcə qarşıdurma xarakterli olub, parçalayıcı ritorika ilə müşayiət edilib, həmçinin səslərin satın alınması ilə bağlı ittihamlar və seçki qanunvericiliyinin pozulması ilə bağlı digər faktlar yer alıb.
Seçki kampaniyasına təzyiq kontekstində Ermənistan Baş Prokurorluğunun statistikasına da istinad edilir: 2026-cı il fevralın 7-dən iyunun 7-dək seçkilərlə bağlı 210 cinayət işi və 349 nəfərə qarşı cinayət təqibi başlayıb.
Eyni zamanda, müəllif xatırladır ki, Ermənistanda Paşinyanın Erməni Apostol Kilsəsinin lideri - Ermənistan Katolikosu II Qareginlə açıq müharibəsi fonunda kilsə rəhbərinə qarşı cinayət işi başlanıb. II Qaregin baş nazirin daimi tənqidçilərindən biri idi: o, Paşinyanın istefasını tələb edir və onun hökumətini 2020-ci ildə Qarabağ müharibəsində məğlub olmaqda günahlandırırdı. Fevralın 14-də Katolikosa qarşı cinayət işi açılıb. Onun ölkədən çıxışına da qadağa qoyulub.
"Bütün regionda sülhə töhfə verdiyinə görə siyasətçinin mükafatlandırılması - özlüyündə bir cəfəngiyatdır. Lakin mükafat administrasiyasının Ermənistanın hələlik müxalifət fəallarına qarşı bir sıra cinayət işləri, həbslər və məhkəmə proseslərindən başqa bir şey olmayan "demokratik nailiyyətlərinə" istinad etməsi ikiqat qəribədir", - məqalədə bildirilir.
Bu baxımdan, müəllif yekunlaşdırır ki, Nikol Paşinyanın mükafatlandırılması sülh işinə verilən töhfənin qərəzsiz qiymətləndirilməsi kimi deyil, Avropa İttifaqına (Aİ) doğru geosiyasi dönüşü səbəbindən Avropa elitalarının Ermənistana tərəf düşünülmüş və həyasız siyasi jesti kimi görünür.