Xarici işlər naziri Ceyhun Bayramov "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP, Zəngəzur dəhlizi) Ermənistan ərazisindən keçən hissəsində işlərin başlanmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, nazir bu barədə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, Azərbaycan tərəfi görülən işlər barədə məlumatlandırılırdı:
"Yenə də bunun çox sadə məntiqi var. Çünki həmin dəhlizin həm giriş, həm də çıxış nöqtəsi Azərbaycan sərhədidir. Təbii ki, layihənin icrasının mümkün olması və işlərin buna uyğun tənzimlənməsi üçün biz bu barədə məlumatlı olmalıyıq. Biz, təbii ki, bu layihəni alqışlayırıq. Onun icrasına qısa müddət ərzində başlanılmasını gözləyirik. Ərazidə artıq müəyyən fiziki işlərə başlanıldığını müşahidə etdik və bu barədə rəsmi açıqlama da var".
Nazir qeyd edib ki, layihənin Azərbaycan üçün əhəmiyyəti bir neçə amillə bağlıdır:
"Birincisi, bu, ölkədaxili kontekstdir. Ölkədaxili kontekst dedikdə, mən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsini və əlavə imkanların yaradılmasını nəzərdə tuturam.
İkinci məsələ isə ondan ibarətdir ki, layihə daha geniş regional kontekstə malikdir. Bu, həm də Şərq-Qərb Orta Dəhlizinin yeni bir ölçüsü, yeni bir istiqamətidir və regionun bütün ölkələri üçün əlavə imkanlar yaradacaq. Burada, təbii ki, söhbət yalnız Azərbaycan və Ermənistandan getmir. Layihə regionun digər ölkələri üçün də əlavə imkanlar yaradacaq.
Biz hesab edirik ki, bu, bütövlükdə Cənubi Qafqaz və regionun bütün ölkələri üçün əlavə üstünlüklər təmin edəcək. Çünki bir məqamı düzgün qeyd etməliyik: əgər Şərq-Qərb dəhlizindən danışırıqsa, burada böyük həcmdə yükləri qəbul edən və göndərən tərəflər var. Məsələn, bir tərəfdə Avropa İttifaqı, digər tərəfdə isə Çin və Asiya-Sakit okean regionunun digər ölkələri dayanır. Yəni burada o qədər böyük həcmdə yüklərdən, o qədər nəhəng layihələrdən söhbət gedir ki, marşrutlar seçilərkən yalnız konkret bir yol və ya marşrut deyil, bütün regionun yükaşırma qabiliyyəti nəzərə alınır".
XİN rəhbəri vurğulayıb ki, alternativ marşrutların sayı nə qədər çox olarsa, bu, bütövlükdə regionun nəqliyyat marşrutlarına bir o qədər müsbət təsir göstərəcək və əlavə yüklərin cəlb olunmasına şərait yaradacaq.