"Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Qara dəniz bölgəsindəki kifayət qədər gərgin vəziyyət və Yaxın Şərqdəki qeyri-müəyyənlik bizim üçün də ciddi çağırışlardır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, görüş zamanı beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb:
"Bunların hamısı ölkəmizə bilavasitə qonşu olan dövlətlər, ərazilər və bölgələrdir. Orada baş verən narahatedici hadisələr, təbii ki, bizim üçün də ciddi çağırışlardır. Gürcüstan və Azərbaycan olaraq mövcud imkanlarımız daxilində əlimizdən gələn bütün səyləri göstərməliyik. Bu münaqişələrin və müharibələrin mümkün qədər qısa müddətdə başa çatdırılması, onların siyasi və diplomatik həlli yollarının tapılması ən önəmli hədəfdir".
C.Bayramov qeyd edib ki, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi də müzakirə olunub:
"İlk olaraq ümumi evimiz olan Cənubi Qafqaza nəzər saldıq. Təbii ki, dəyərli gürcüstanlı həmkarlarımız Azərbaycanla Ermənistan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi barədə məlumatlıdırlar. Bugünkü görüş zamanı isə mən son hadisələr, Azərbaycan tərəfinin yanaşmaları, düşüncə və fikirləri barədə məlumat verdim".
Nazir həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinə toxunub.