Bakıda sürücülük təlimi keçən şəxs təlim zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər müzakirələrə səbəb olub.
Özünü sürücülük təlimçisi kimi təqdim edən şəxs 18 yaşı tamam olmayan yeniyetməni avtomobilin sükanı arxasına əyləşdirib və nəqliyyatın intensiv hərəkət etdiyi Ziya Bünyadov prospektində avtomobil idarə etməyə imkan verib. Bununla kifayətlənməyən təlimçi həmin anları videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Sözügedən görüntülər sürücülük təlimi keçən şəxsin qanunları bilməməsi və qanun pozuntularının sosial şəbəkələrdə təbliğ edilməsi kimi dəyərləndirilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sözügedən görüntü ilə bağlı araşdırma aparılacaq və təlim verən şəxs müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görüləcək.

O qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin sürmə təlimi bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir.
"Nəqliyyat vasitəsini idarə etmə üzrə yol hərəkəti şəraitində təlimə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişlərə malik olduğu halda yol verilir. Eyni zamanda, təlim keçən şəxs yol hərəkəti qaydalarını bilməli və onların tələblərinə riayət etməlidir. Sürmə təlimi verən şəxsin üzərində müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsində sürmə təlimi keçmək hüququnu təsdiq edən sənəd və ya həmin kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmaqla azı 5 il sürücülük stajı, habelə müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmalıdır.
Sürmə təliminin keçirildiyi mexaniki nəqliyyat vasitəsi "Təlim nəqliyyat vasitəsi" tanınma nişanı ilə işarələnməli, həmçinin təlim verən şəxsin arxanı müşahidə etməsi üçün əlavə güzgü və idarəetmə pedalları ilə təchiz olunmalıdır.
Bununla yanaşı, sürücülük kurslarına qəbul olunan şəxslərin yaş həddi idarə ediləcək nəqliyyat vasitəsinin kateqoriyasından (altkateqoriyasından) asılı olaraq müəyyən edilir. "A", "B" və "C" kateqoriyaları, eləcə də "B1" və "C1" altkateqoriyaları üzrə sürücülük hüququ 18 yaşdan müəyyən edilir. Qeyd edirik ki, müəyyən edilmiş yaş həddinə çatmayan və sürücülük hüququ olmayan şəxslərin avtomobil yollarında sürmə təlimi keçməsi qadağandır. Belə halların aşkar edilməsi zamanı təlim verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəqliyyat vasitəsini idarə etməyi öyrənən şəxslərin və sürmə təlimi verən şəxslərin qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tövsiyə olunur".
Oxu.Az-a açıqlamasında məsələnin qanuni tərəfini izah edən professor, sürücülük imtahanına hazırlaşanlar üçün vəsait müəllifi Əziz Talıbov məsələni bir qədər də ətraflı şərh edib.

O qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunda sürücü hazırlığının necə həyata keçirildiyi aydın yazılıb.
"Qanunda qeyd olunur ki, sürücü hazırlığı təhsil müəssisələrində və kurslarda həyata keçirilir. "A" və "B" kateqoriyalarına hazırlaşan şəxslər isə müstəqil hazırlaşa bilərlər. Amma bir məsələ var ki, qanunvericilikdə hazırlığın mexanizmi bizim istədiyimiz kimi birmənalı, ağ-qara formada yazılmayıb. Bununla belə, Nazirlər Kabinetinin (NK) 41 saylı qərarı var və sizin suallara həmin qərara istinad edərək cavab vermək mümkündür.
NK-nin 41 saylı qərarında yazılıb ki, "B" kateqoriyasına hazırlaşmaq istəyən, yəni minik avtomobili idarə etməyə hazırlaşan şəxsin 18 yaşı tamam olmalıdır.
Bu, o deməkdir ki, 17 yaşlı şəxsi sükan arxasında oturdub nəqliyyat axınının intensiv olduğu yola çıxarmaq və sürmə təlimi vermək həmin qərarın tələbinə görə düzgün deyil.
Əgər yolda hər hansı hadisə baş verərsə və bu məsələni prokurorluq və ya polis araşdırarsa, onlar gedib qanunvericiliyin tələblərini yoxlayacaqlar.
Üstəlik, yola çıxmazdan əvvəl sürücü olmaq istəyən şəxs yol hərəkəti qaydalarını bilməli və yolda həmin qaydalara əməl etməlidir.
Üçüncü məsələ isə təlim zamanı yola çıxmaqla bağlıdır. Yəni təlimçi təlim zamanı istənilən yola çıxa və istənilən yolda sürmə təlimi verə bilərmi?
Bu məsələyə isə "Yol hərəkəti haqqında" Qanunun 78-ci maddəsi cavab verir. Həmin maddədə deyilir ki, sürmə təlimi ilkin olaraq bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. Məqsəd də odur ki, sükan arxasına keçmək istəyən şəxs sürmənin ilkin vərdişlərini mənimsəsin və müəyyən təcrübə qazansın. Təkrar etmək istəyirəm ki, ilk növbədə öyrənən şəxs yol hərəkəti qaydalarını bilməli və həmin qaydalara əməl etməlidir.
Hansı yolda sürmə təlimi vermək olar, hansı yolda olmaz məsələsini isə YHQ-nin 78-ci maddəsi müəyyən edir. Qanunun tələbinə əsasən sürmə təlimi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yollarda verilməlidir. Bu isə o deməkdir ki, təlim zamanı istənilən yola çıxmaq olmaz. Yəni hazırda Bakı şəhərində sıx nəqliyyat axını olan yolda sürmə təlimi vermək təhlükəlidir.
Bu məsələdə də bir nüans var - məsələ burasındadır ki, bu yolların siyahısı müəyyən olunmayıb. Konkret olaraq məlum deyil ki, hansı yollarda sürmə təlimi vermək olar, hansında olmaz", - deyə Ə.Talıbov vurğulayıb.
Ekspert "bu situasiyalarda da təlimçini hansı cəza gözləyə bilər?" sualına cavab olaraq bildirib ki, cərimələnmə situasiyaya uyğun olaraq müəyyən oluna bilər.
"Cəza məsələsi belədir: tutaq ki, hərəkətin intensiv olduğu yolda təlim zamanı yol polisi avtomobili saxlayır. Bu zaman araşdırılır - 17 yaşlı uşağa niyə sürmə təlimi verilir? Təlimçinin təlim keçmək üçün rəsmi icazəsi varmı? Avtomobilin sənədləri qaydasındadırmı? Həqiqətən də bu, təlim avtomobilidirmi? Təlim verən şəxsin beş ildən çox sürücülük təcrübəsi varmı və s.
Qeyd etdiyim kimi burada müxtəlif cərimələr nəzərdə tutulub. Cərimə 40 manat da ola bilər, 60, 150 və ya 200 manat da ola bilər. Bu məsələdə dəyişən məqamlar və xırdalıqlar çoxdur.
Əgər təlimçi məhz 17 yaşlı şəxsə niyə sürmə təlimi verməsi ilə bağlı saxlanarsa, bu halda sürmə təlimi qaydalarının pozulmasına görə minimum 40 manat cərimə yaza bilərlər", - deyə Ə.Talıbov bildirib.