"Kriminal" verilişində bu dəfə 2024-cü il oktyabrın 27-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində baş vermiş qətl hadisəsindən bəhs olunub. Həmin gün 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun bıçaq xəsarətləri alaraq ölməsi barədə polisə məlumat daxil olub.
İstintaq materiallarına əsasən, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli bibisi oğlunun həyat yoldaşı Güldanə Əhmədovanın telefonunda qonşuluqda yaşayan Rüfət Rüstəmovun nömrəsini görüb. Bundan şübhələnərək onunla görüşməyə qərar verib.
Aralarında yaranan mübahisədən sonra onlar avtomobillə Ələt-Salyan yolunun 6-cı kilometrliyinə gediblər. Burada baş verən dava zamanı Əliəkbər Səmədli ov bıçağı ilə Rüfətə çoxsaylı zərbələr endirib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Rüfətin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Əliəkbər bıçağı polisə təhvil verərək qətli törətdiyini etiraf edib. Məhkəmə-tibbi ekspertizasına görə, Rüfət qaraciyərinin zədələnməsi nəticəsində yaranan kəskin qanitirmədən ölüb. Onun telefonuna baxış zamanı hadisə günü Güldanə Əhmədovaya 42 dəfə zəng etdiyi də müəyyənləşib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü müdafiə etmək məqsədilə bıçaqdan istifadə etdiyini bildirsə də, məhkəmə onun əməlini qəsdən adam öldürmə kimi qiymətləndirib. Prokuror 11 il həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il aprelin 30-da çıxardığı hökmə əsasən, Əliəkbər Səmədli Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.