Bakının Nəsimi rayonunda sosial şəbəkədə başlayan tanışlıq oğurluqla nəticələnib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, iş axtarmaq məqsədilə paytaxta gələn, müvəqqəti qalmağa yerləri olmayan iki nəfər sosial şəbəkədə tanış olduğu şəxsdən kömək istəyiblər.
Onları yardım etmək üçün evinə dəvət edən şəxs yaxşılığın qurbanı olub. Lakin göstərilən münasibətdən sui-istifadə edən şəxslər gecə saatlarında evdən 3300 manat dəyərində qızıl-zinət əşyaları, kompüter avadanlıqları və pul oğurlayaraq qaçıblar.
Polisin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən S.Qədirov və T.Qədirov müəyyənləşdirilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu hadisə Viktor Hüqonun "Səfillər" romanında baş qəhrəman Jan Valjanın hekayəsini xatırladır. Əsərdə Jan Valjan həbsdən çıxdıqdan sonra gecələməyə yer tapa bilmir. Yepiskop onu evində qəbul edir, yemək verir və gecələməyə şərait yaradır. Lakin gecə Jan Valjan yepiskopun gümüş qablarını oğurlayıb qaçır.