Noyabrın 19-da ABŞ, Çin və Rusiya liderləri tarixdə ilk dəfə eyni masa arxasında bir araya gəldilər. Görüşü maraqlı edən əsas məqam onun dünyada mövcud olan qeyri-müəyyənliklər fonunda baş tutması idi. Üstəlik, ABŞ-nin təşəbbüsü ilə keçirilən görüşdə iştirak edən üç dövləti birləşdirən ortaq maraqlar qədər də çox deyil. Əksinə, tərəflər arasında fikir ayrılıqları və rəqabət predmetləri kifayət qədər genişdir.
Əslində, baş verənlərin mahiyyətini anlamaq üçün Trampın ikinci prezidentliyi ilə ABŞ-nin xarici və daxili siyasətində başlayan dəyişikliklərə nəzər salmaq lazımdır. Məsələ ondadır ki, Vaşinqton son illərdə ciddi şəkildə iqtisadi çətinliklərlə üzləşib. Yeni tarif siyasəti ABŞ-ni eyni vaxtda bir neçə iqtisadi mərkəzlə qarşıdurmaya sürükləyib. Trampın başlatdığı İran müharibəsi nəticəsində enerji bazarlarında yaranan qeyri-sabitlik və neft qiymətlərinin iqtisadiyyata mənfi təsiri bu çətinlikləri daha da artırıb. Lakin ABŞ-nin yanaşmalarında dəyişiklikləri zəruri edən təkcə iqtisadi vəziyyət deyil. Mövcud geosiyasi reallıqlar da Vaşinqtonun prioritetlərini yenidən müəyyənləşdirməsini tələb edir.
Xüsusilə Tramp və onun tərəfdarlarının Monro Doktrinasına istinad edən çıxışları bu ehtimalları gücləndirir. Bununla belə, Vaşinqtonun Qərb yarımkürəsində öz dominantlığını qorumaq istəyini yalnız həmin coğrafiya ilə məhdudlaşmaq niyyəti kimi qiymətləndirmək doğru olmazdı. Hər halda, ABŞ-nin hərbi büdcəsinin tarixi rekord səviyyəyə çatması Vaşinqtonun ən azı yaxın perspektivdə qlobal liderlik iddialarından əl çəkmək niyyətində olmadığını göstərir.
ABŞ yollar axtarır
Bir müddət əvvələ qədər Qrenlandiya ətrafında yaşanmış böhran da ABŞ-nin planlarını müəyyən qədər anlamağa imkan verir. Yəni Trampın Putin və Si Cinpini dost adlandırmasına baxmayaraq, tərəflər arasında ziddiyyətlər artır.
Məsələ ondadır ki, Vaşinqton üçün Qrenlandiya, xüsusilə Şimal Buzlu okeanı üzərindən formalaşan yeni tranzit marşrutunda mövcudluğunu təmin etmək baxımından strateji əhəmiyyət daşıyır. Yəni illərdir ABŞ qlobal gücünün mühüm hissəsini dəniz yollarına və strateji kommunikasiya xətlərinə nəzarətdən əldə edir. "Şimal marşrutu" adlanan yeni xətt yaranmağa başlayır ki, burada da ABŞ-nin mövqeyi çox zəifdir. Üstəlik, yeni marşrutun Çini Avropa ilə birləşdirəcək ən qısa xəttə çevrilməsi ehtimalı onun cəlbediciliyini artırır. Onun aktiv istifadə olunmağa başlanması isə Vaşinqtonun nəzarətindəki əsas yollara alternativ yarada və onun qlobal təsir imkanlarını məhdudlaşdıra bilər. Bu da öz növbəsində Rusiya, Çin və Avropa İttifaqının daha geniş imkanlar qazanması, Vaşinqtonla hesablaşmadan daha müstəqil siyasət yürütməsi deməkdir.
Lakin Tramp administrasiyasını indiki mərhələdə çətin vəziyyətə salan ən mühüm məqamlardan biri Qərbin uzun illər istifadə etdiyi ənənəvi təsir mexanizmlərinin, xüsusilə Qlobal Cənub ölkələrində effektivliyini itirməyə başlamasıdır. Bu proses həmin ölkələrin Qərbə alternativ güc mərkəzlərinə yönəlməsinə və ya ən azı onların imkanlarından daha fəal istifadə etməsinə şərait yaradır. Bunun nəticəsində bir sıra regional güclər Vaşinqtona qarşı daha rahat mövqe nümayiş etdirə, hətta ona qarşı formalaşan koalisiyalarda iştirak edə bilirlər. Ən azı, İran münaqişəsi göstərdi ki, orta gücə malik dövlət belə, xaricdən əldə etdiyi məhdud dəstəklə qlobal güc hesab olunan dövləti və onun müttəfiqlərini ciddi çətinliklərlə üz-üzə qoya bilər.
Görünür, bu tendensiyalar Vaşinqtonda xüsusi təhlükə kimi dəyərləndirilib ki, Tramp özü Putin və Si Cinpinlə görüş təklif edib. Bu da Vaşinqtonda ona qarşı koordinasiyalı hərəkət edən iki güclə bağlı müəyyən planın olduğunu və ya onları cilovlamaq üçün rıçaqlar axtardığını deməyə imkan verir.
"Rusiya dilemması" - Yeni qütb, yoxsa yeni vassal?
Doğrudur, Çin və Rusiya xüsusilə son altı ildə bir-birinə iqtisadi cəhətdən daha sıx bağlanıblar. Bu da hər iki dövlətin Vaşinqton qarşısında müqavimət imkanlarını artırır.
Lakin Şençjen görüşündə eyni masa arxasında əyləşən Putin və Si Cinpin arasında ortaq maraqlarla yanaşı, ciddi fikir ayrılıqları da var.
Məsələn, Rusiya açıq şəkildə ifadə etməsə də, Çinin "Bir kəmər, bir yol" layihəsini özünün regional maraqları baxımından potensial təhdid kimi qiymətləndirir. 2010-2020-ci illər arasında Moskva bu məsələ ilə bağlı narahatlığını daha açıq şəkildə ifadə edirdi. Lakin Çinlə yaxınlaşma fonunda həmin ritorika ya daha diplomatik formaya salınıb, ya da Moskva bu mövzuda susmağa üstünlük verib.
Bundan başqa, Mərkəzi Asiya, iqtisadi asılılıq və nəqliyyat marşrutları məsələlərində tərəflərin maraqları hər zaman üst-üstə düşmür. Pekin üçün Rusiyanın siyasi və iqtisadi elitası üzərində təsir imkanlarını genişləndirmək məsələsi də müəyyən suallar doğurur. Ən azı, mövcud Rusiya reallığında Çin təsirinin bu səviyyəyə çatması o qədər də real görünmür. Düzdür, Moskvanın ritorikasında Qərbi Şərqlə əvəzləmək ideyası getdikcə daha çox səsləndirilsə də, Rusiya özünü tarixən Avropa gücü kimi görür və Çindən asılılığını artırmaqda elə də həvəsli deyil. Bu, Rusiyanın çoxqütblü dünya strategiyası ilə müəyyən ziddiyyət təşkil edir.
Üstəlik, müharibənin yaratdığı iqtisadi və siyasi xərclərin kompensasiya edilməsi ilə bağlı problemlər də artmağa başlayır. Belə vəziyyət hazırkı mərhələdə olmasa da, ortamüddətli perspektivdə Kreml üçün ciddi çətinliklər yarada bilər. Ukrayna müharibəsi qədər mərkəzləşmə siyasəti yürüdən Moskva indi regional elitalara verdiyi səlahiyyətləri artırmağa başlayıb ki, bu da uzunmüddətli perspektivdə onların güclənməsinə gətirib çıxara bilər. Yəni reallaşacağı təqdirdə, Kreml ölkə üzərində total nəzarəti itirə bilər ki, bu da Moskva üçün arzuolunan deyil.
Putinə şans: Çin, yoxsa ABŞ?
Hər bir halda Şençjen masasına qatılan Putinin də bu riskləri nəzərə aldığını təxmin etmək olar. Ona görə də Trampla açıq danışıqlara gedən Putin bir tərəfdən mövcud münasibətlər sayəsində həm özünün izolyasiya olunmadığını, həm də Qərb ittifaqında ağır çatların olduğunu göstərir, digər tərəfdən isə özünün qütb kimi tanınaraq geri dönməsi üçün yollar axtarmağa çalışır. Üstəlik, Putin Çinlə münasibətlərdə mövcud disbalansı pozmağa çalışaraq, əlindəki kartlardan daha effektiv istifadəyə cəhd edir.
Görünür, Putinin özüylə birgə Şençjen masasına oturmasına izn verən Cinpin birbaşa olmasa da, onun Vaşinqtonla əlaqələrini nəzarətdə saxlamağa çalışır. Həm Çin, həm də Vaşinqtonun Kissincer diplomatiyası ilə bağlı tarixi təcrübəsi var. Yəni eyni masaya əyləşən Trampla Cinpin təkcə bir-biriylə müxtəlif məsələlərdə qaydaları müəyyənləşdirmirlər, həm də Rusiyanın kimin yanında qalacağına əmin olmağa cəhd edirlər. Onlardan hər hansı birinin uğuru isə digəri üçün daha pis nəticələrə gətirib çıxara bilər.
Ona görədir ki, hər kəsdən daha çox Şençjen görüşünü "Yalta 2.0" kimi qələmə verməyə çalışan Moskva özünü bu görüşdən ən çox qazanan tərəf kimi göstərməyə cəhd edir. Əlinin güclənməyə başladığını görən Putinin isə Trampla yaxşı münasibətləri və Qərbdə gözlənən seçkilər fonunda avropalılarla uzlaşa biləcəyinə dair ümidləri artır. Görüşdən sonra Putinin aşkar şəkildə avropalıları Moskvaya dəvət etməsi də bunu deməyə imkan verir. Digər tərəfdən isə AB-nin gələcək siyasi güc kimi özünü tanıtması, Moskvanın isə güc olaraq qalmasının yolu dolayı olaraq bir-birindən keçir. Bu da onların arasında sövdələşmə ehtimalı yaradaraq, xüsusilə postsovet ölkələri üçün riskləri gücləndirir. Ukrayna məsələsində mümkün razılaşma Moskvanın gələcəkdə üzünü MDB-yə çevirməsinə şərait yarada bilər ki, bu da üzv dövlətlərin böyük təzyiqlərlə qarşılaşacağı ehtimallarını artırır. Beləliklə, hər üç tərəf riskli oyun oynayır. Onun nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.
Oğuz Azad