ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Pxenyanla danışıqları bərpa etmək məqsədilə Şimali Koreya lideri Kim Çen Ina dəfələrlə məktub göndərməyə cəhd edib.
Oxu.Az "MS Now" telekanalına istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat veriblər.
Bildirilir ki, məktublar ABŞ-nin BMT-dəki nümayəndələri vasitəsilə Şimali Koreya tərəfinə çatdırılmağa çalışılıb. Lakin Şimali Koreya diplomatları məktubları qəbul etməkdən imtina ediblər. Trampın mesajlarının sonradan amerikalı nümayəndələr tərəfindən qarşı tərəfə çatdırılıb-çatdırılmadığı isə məlum deyil.
İki lider arasında son görüş 2019-cu il iyunun 30-da baş tutub.
Daha əvvəl Tramp Kim Çen Inın danışıqların keçirilməsi ilə bağlı çağırışına reaksiya verdiyini bildirib. Jurnalist Şimali Koreya liderinin müvafiq təklifə niyə cavab vermədiyini soruşub.
"Onun cavab vermədiyini haradan bilirsiniz? Bəli, cavab verib. Bu, çox müsbət cavabdır", - deyə Ağ Evin rəhbəri bildirib.