"Azərbaycan və İtaliya arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli saziş layihəsinin yaxın gələcəkdə imzalanmasını hədəfləyirik".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya Biznes Forumunda deyib.
O bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:
"2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard ABŞ dollarına yaxın olub. Bu ilin nəticələrinə görə, biz daha yüksək rəqəmi proqnozlaşdırırıq. İlin ilk doqquz ayında bu rəqəm artıq 9 milyard dolları ötüb. Hazırda İtaliyanın 130-a qədər şirkəti ölkəmizdə sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu ilin mayında SOCAR-ın "İtaliya Petroli" şirkətində nəzarət payı əldə etməsi ölkəmizin İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib".