SOCAR-ın "Azneft" İstehsalat Birliyi dənizdə qazma imkanlarının genişləndirilməsi və hasilat potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Çindən dörd yeni qazma qurğusu alıb.
Oxu.Az "Azneft" İstehsalat Birliyinə istinadən xəbər verir ki, qurumun sifarişi ilə Çinin dövlət neft və qaz şirkəti CNPC-nin (China National Petroleum Corporation) törəmə müəssisəsi olan BOMCO (Baoji Oilfield Machinery Co., Ltd.) tərəfindən istehsal edilən yeni qazma qurğularından ikisi artıq zavodun qəbul sınaqlarını uğurla tamamlayıb.
Layihə birliyin "28 May" Neft və qazçıxarma idarəsinin "Dayazsulu Günəşli" yatağında qazma əməliyyatlarının daha səmərəli, təhlükəsiz və müasir texnologiyalar əsasında həyata keçirilməsinə xidmət edir. Müasir texnologiyalarla təchiz olunmuş bu qurğular yanlülə qazılması və quyuların təmiri işlərində istifadə olunacaq.
Layihənin icra qrafikinə uyğun olaraq, ilk qazma qurğusu Azərbaycana cari ilin oktyabrında gətirilib. Növbəti mərhələdə montaj və sazlama işlərinin tamamlanması planlaşdırılır. Qurğunun "Dayazsulu Günəşli" yatağına çatdırılması və yerində quraşdırma işləri yekunlaşdıqdan sonra istismarı nəzərdə tutulur. Paralel olaraq, digər qazma qurğularının mərhələli şəkildə ölkəmizə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, sözügedən qazma qurğularının alınmasını nəzərdə tutan müqavilə "Azneft" İB ilə BOMCO arasında 9 dekabr 2025-ci il tarixində imzalanıb.