Fransada yaşayan bir qadın "bit bazarı"ndan cəmi 20 avroya aldığı lampanı hərracda 251 000 avroya satmağa nail olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Connexion France" nəşri yayıb.
Məlumata görə, Jorj Juva (1910-1964) məxsus qara keramika lampa 2025-ci ildə Fransanın şimalında yerləşən "bit bazarı"ndan əldə edilib. Qadın onu şkafda saxlayıb və bir neçə ay keçdikdən sonra qızı ev yığışdırarkən lampanı tapıb. Alt hissəsində Jorj Juvun həkk edilmiş imzasını görən qız fərdi araşdırma apararaq Parisin "NEO Enchères" auksion evinin bu rəssamın əsərlərini satışa çıxardığını müəyyənləşdirib. Ailə hərrac nümayəndələri ilə əlaqə yaradıb və ekspertiza məqsədilə əşyanı Parisə çatdırıb.
Mütəxəssislər əsərin orijinal və ideal vəziyyətdə olduğunu təsdiqləyərək, onun ehtimal edilən dəyərini 80 000 ilə 120 000 avro arasında müəyyən ediblər. Hərraca çıxarılan bu lot uğrunda onadək potensial alıcı rəqabət aparıb. Yekunda komissiya ödənişləri də nəzərə alınmaqla, məbləğ 251 000 avroya yüksəlib. Bu rəqəm Juvun işıqlandırma əşyaları üçün dünya rekordu kimi tarixə düşüb.
"Biz hər zaman rekord gözləyirik, lakin qiymətin bu qədər yüksələcəyini təxmin etmirdik", - deyə "NEO Enchères" auksion evinin prezidenti Kventin Şarrodo deyib. O əlavə edib ki, bu, tamamilə müstəsna hadisədir.