Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Le Pen dörd il azadlıqdan MƏHRUM EDİLDİ
Paris məhkəməsi Marin Le Peni dörd il azadlıqdan məhrum edib.
Oxu.Az bu barədə RT-yə istinadla xəbər verir.
Məhkəmənin qərarına əsasən, Le Pen dörd illik həbs müddətinin iki ilini şərti olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək.
O, həmçinin beş il müddətinə seçki hüquqlarından məhrum edilib.
Marin Le Pen və Avropa Parlamentinin daha səkkiz deputatı bu qanunverici orqanın vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilinib.
Oxu.Az bu barədə BFMTV-yə istinadla xəbər verir.
Qeyd edək ki, hökm avtomatik olaraq onun seçkidə iştirak etmək hüququnu əlindən alır.
Məhkəmənin qərarına görə, Le Pen və onun həmfikirləri Avropa Parlamentinin hər deputata köməkçilərin məvacibinə görə ayırdığı aylıq 21 min avro məbləğində vəsaitin mənimsənilməsi üçün geniş miqyaslı "oğurluq sxemi" təşkil ediblər. İstintaq müəyyən edib ki, bu köməkçilərin işə götürülməsi saxta olub, pullar ifrat sağçı siyasətçilər tərəfindən mənimsənilib.
Paris məhkəməsi bu gün ultrasağçı Milli Birlik Partiyasının fraksiya rəhbəri Marin Le Pen və onun həmkarlarının Avropa Parlamentinin (AP) vəsaitlərini mənimsəməkdə ittiham olunduğu iş üzrə qərar çıxarmalıdır.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
Prokurorluq Le Penin beş il müddətinə seçkidə iştirakını və seçkili vəzifələr tutmasını yasaqlamağı, həmçinin onun beş il müddətinə həbsini və 300 min avro məbləğində cərimələməyi tələb edir. Məhkəmə prokurorluğun tələblərini təsdiqləsə, Le Pen 2027-ci il prezident seçkisi ərəfəsində seçki kampaniyasında iştirak edə bilməyəcək.
Qeyd edək ki, AP vəsaitlərinin məqsədsiz istifadəsi ilə bağlı araşdırma 2014-cü ildə başlayıb. Avropa Dələduzluqla Mübarizə Bürosu o zaman Le Pendən 339 min avro məbləğində vəsaitin qaytarılmasını tələb etmişdi. O, katibliyin rəhbəri Katrin Qrize və mühafizəçisi Tyerri Lejyeyə AP fondlarından maaş ödəməkdə şübhəli bilinir, halbuki onlar onun partiyasında işləyirdilər. İstintaqın versiyasına görə, Avropa Parlamentində köməkçilərin saxta şəkildə işə götürülməsi vasitəsilə Avropa vəsaitlərinin mənimsənilməsi üçün maliyyə sxemi yaradılıb.
Le Pendən başqa, təqsirləndirilənlər arasında Perpinyan meri Lui Alio və Milli Birliyin keçmiş sədr müavini Brüno Qolniş də var.