Avropanın müxtəlif ölkələrində artan sosial narazılıq, miqrasiya siyasətinə etirazlar, iqtisadi çətinliklər və siyasi institutlara inamın zəifləməsi artıq ayrı-ayrı hökumətlərin deyil, bütövlükdə Avropa idarəçilik modelinin gələcəyi ilə bağlı ciddi suallar doğurur. İllərdir başqa dövlətlərin daxili siyasətini qiymətləndirməyə çalışan Avropa siyasi elitası indi öz cəmiyyətlərində yığılıb qalmış problemlərlə üz-üzədir.
Avropa uzun illər özünü demokratiyanın, insan hüquqlarının, sosial rifahın və siyasi sabitliyin nümunəsi kimi təqdim edib. Avropa İttifaqının rəhbər institutları, xüsusilə Avropa Parlamenti müxtəlif ölkələrdə demokratik idarəçilik, söz azadlığı və insan hüquqları ilə bağlı qətnamələr qəbul edib, hökumətlərin fəaliyyətini qiymətləndirib və siyasi tələblər irəli sürüb.
Lakin bu gün Avropanın özündə baş verən proseslər fərqli mənzərə ortaya qoyur.
Küçələrə çıxan fermerlər, yaşayış xərclərinin artmasından narazı vətəndaşlar, miqrasiya siyasətinə qarşı etiraz edən müxtəlif ictimai qruplar, hökumətlərə etimadını itirən seçicilər Avropa siyasi sistemində toplanmış ziddiyyətləri üzə çıxarırlar.
Əlbəttə, demokratik cəmiyyətdə etirazların mövcudluğu özlüyündə siyasi böhran göstəricisi deyil. Əksinə, etiraz etmək hüququ demokratiyanın əsas elementlərindəndir. Ancaq narazılığın uzun müddət davam etməsi, müxtəlif ölkələrdə oxşar problemlərin təkrarlanması və siyasi rəhbərliyin bu problemlərə dayanıqlı həll tapa bilməməsi artıq sistemli idarəçilik çatışmazlıqları barədə danışmağa əsas verir.
Sosial dövlətin vədləri və vətəndaşların reallığı
Avropa rifah modeli uzun illər yüksək sosial təminat, keyfiyyətli səhiyyə, əlçatan təhsil və iqtisadi təhlükəsizlik üzərində qurulub.
İndi isə bir sıra Avropa ölkələrində vətəndaşlar gündəlik həyatlarının getdikcə bahalaşdığını, mənzil əldə etməyin çətinləşdiyini, dövlət xidmətlərinin keyfiyyətindən narazılığın artdığını bildirirlər.
Enerji qiymətlərində əvvəlki illərdə yaşanan kəskin artım, inflyasiyanın nəticələri, iqtisadi artımın zəifləməsi, büdcə məhdudiyyətləri və demoqrafik problemlər hökumətlərin manevr imkanlarını daraldıb.
Fermerlərin etirazları da təsadüfi deyil. Kənd təsərrüfatı istehsalçıları artan xərclərdən, inzibati tələblərdən, rəqabət şərtlərindən və gəlirlilik problemlərindən narazıdırlar.
Bütün bunlar bir sualı aktuallaşdırır: Avropa siyasi rəhbərliyi öz vətəndaşlarının sosial-iqtisadi təhlükəsizliyini təmin etmək üçün kifayət qədər uzaqgörən siyasət yürüdübmü?
Məsələ yalnız iqtisadi göstəricilərdən ibarət deyil. İnsanların dövlət institutlarına etimadı da cəmiyyətin sabitliyini müəyyənləşdirən əsas amillərdəndir. Vətəndaş öz problemlərinin eşidilmədiyini düşünəndə narazılıq tədricən siyasi sistemə yönəlir.
Başqalarına dərs vermək, yoxsa öz problemlərini həll etmək?
Avropada baş verən proseslərin ən diqqətçəkən tərəflərindən biri də siyasi prioritetlər arasındakı ziddiyyətdir.
Avropa Parlamenti və digər Avropa institutları illərdir müxtəlif dövlətlərin daxili siyasi proseslərinə dair sərt bəyanatlar verir, qətnamələr qəbul edir, insan hüquqları və demokratiya məsələlərini xarici siyasət alətinə çevirirlər.
Ancaq eyni siyasi institutların öz üzv dövlətlərindəki sosial narazılığa, idarəçilik problemlərinə və vətəndaşların gündəlik qayğılarına münasibəti də ciddi müzakirə mövzusudur.
Burada mühüm bir məqamı ayırd etmək lazımdır: Avropa Parlamentinin bütün üzv dövlətlərin sosial-iqtisadi siyasətini birbaşa idarə etmək səlahiyyəti yoxdur. Bununla belə, Avropa İttifaqının ümumi siyasətində, qanunvericiliyində və büdcə prioritetlərində onun mühüm rolu var.
Məhz buna görə də sual yaranır: Avropa siyasi institutları öz cəmiyyətlərinin qarşılaşdığı problemlərin həllinə nə dərəcədə diqqət ayırırlar?
Xüsusilə Azərbaycan kimi müstəqil dövlətlərə münasibətdə zaman-zaman müşahidə olunan siyasi təzyiq ritorikası bu ziddiyyəti daha aydın göstərir.
Azərbaycanın daxili işlərinə dair qətnamələr qəbul edən, ölkənin siyasi qərarlarını mühakimə etməyə çalışan bəzi avropalı siyasətçilər öz ölkələrindəki sosial narazılıq, miqrasiya və siyasi qütbləşmə problemlərinə də eyni prinsipiallıqla yanaşa bilirlərmi? Məncə sual ritorik olduğu qədər, həm də aydın cavabı özündə əks etdirir.
Demokratiya və insan hüquqları universal dəyərlərdirsə, onların tətbiqində seçici yanaşmaya yol verilməməlidir.
Başqa dövlətlərə siyasi tövsiyələr vermək asandır. Daha çətin olan öz vətəndaşlarının problemlərinə vaxtında cavab vermək və qəbul edilmiş qərarların nəticələrinə görə məsuliyyət daşımaqdır. Həm hökumət nümayəndəsi olaraq, həm də həmin ölkənin vətəndaşı olaraq.
Miqrasiya siyasəti: Pafoslu şüarlardan idarəçilik böhranına
Avropanın üzləşdiyi ən mürəkkəb problemlərdən biri miqrasiya siyasətidir.
Uzun illər humanitar məsuliyyət, açıq cəmiyyət və tolerantlıq prinsipləri əsasında təqdim olunan miqrasiya siyasətinin praktik nəticələri indi ciddi mübahisələr doğurur.
Burada əsas problem miqrantların mənşəyi və ya milli kimliyi deyil. Problem miqrasiya axınlarının idarə olunması, əmək bazarının ehtiyaclarının nəzərə alınması, gələn şəxslərin təhsil və peşə hazırlığı, dil bilikləri, sosial adaptasiyası və təhlükəsizlik mexanizmlərinin effektivliyidir.
Avropanın bir sıra ölkələrində kifayət qədər hazırlıq və inteqrasiya imkanları yaradılmadan qəbul edilən insanların əmək bazarına qoşulması, mənzil təminatı və sosial xidmətlərdən istifadəsi ilə bağlı çətinliklər yaranıb.
Avropa İttifaqının statistika qurumu "Eurostat"ın məlumatları da inteqrasiya problemlərinin miqyasını göstərir. 2025-ci ildə Aİ vətəndaşı olmayan şəxslərin 33.5 faizi sıx məskunlaşmış mənzillərdə yaşayırdı. Yerli vətəndaşlar arasında bu göstərici 13.6 faiz idi.
Bu rəqəmlər miqrantların özlərinin də ciddi sosial problemlərlə üzləşdiyini göstərir. Eyni zamanda, miqrasiya siyasətinin yalnız insanları qəbul etməklə məhdudlaşa bilməyəcəyini, onların cəmiyyətə inteqrasiyası üçün real imkanların yaradılmasının vacibliyini təsdiqləyir.
İllərlə qəbul edilmiş qərarların acı nəticələrini indi həm yerli əhali, həm də inteqrasiya imkanları məhdud olan miqrantlar hiss edirlər.
Əsas sual budur: Avropa rəhbərləri miqrasiya siyasətinin uzunmüddətli iqtisadi, sosial və təhlükəsizlik nəticələrini əvvəlcədən kifayət qədər qiymətləndiriblərmi? Burada yaxşı bir misal yada düşür, görünən dağa bələdçi lazım deyil.
Humanizm məsuliyyətli idarəçiliyi əvəz edə bilməz. Sərhədlərin idarə olunması, sosial sistemin dayanıqlığı və ictimai təhlükəsizlik də dövlətin birbaşa öhdəlikləridir.
Azərbaycanın nümunəsi: Siyasi sığınacaq, yoxsa siyasi himayədarlıq?
Miqrasiya və insan hüquqları mövzusunda Avropanın yanaşması Azərbaycan baxımından da ayrıca diqqət tələb edir.
İllərdir bəzi Avropa ölkələrində Azərbaycana qarşı radikal siyasi ritorika ilə çıxış edən şəxslər fəaliyyət göstərirlər. Onların bir hissəsi Avropa məkanından istifadə edərək Azərbaycan dövlətinə və onun institutlarına qarşı çağırışlar səsləndirir.
Burada prinsipial fərq mövcuddur: siyasi mühacirət, hakimiyyəti tənqid etmək və fikir azadlığı legitim hüquqlardır. Lakin bu hüquqlar konkret təhdidlərə, zorakılığın alovlandırılmasına və qanunazidd fəaliyyətə çağırışlara rəvac vermir.
Azərbaycanın bu mövzuda qaldırdığı əsas sual da məhz hüquqi prinsiplərin hamıya bərabər tətbiq edilməsi ilə bağlıdır.
Avropa dövlətləri öz ictimai təhlükəsizliyinə yönəlmiş təhdidlərə ciddi yanaşdıqları halda, digər dövlətlərə qarşı yönələn eyni xarakterli əməlləri də obyektiv hüquqi meyarlarla qiymətləndirməlidirlər. Əks halda istənilən fəaliyyət istiqaməti deməyə əsas verir ki, qədim qitənin siyasi arenalarında iki və daha çox standarta rahatlıqla rast gəlmək mümkündür.
Siyasi sığınacaq institutu beynəlxalq hüququn mühüm mexanizmidir. Lakin onun konkret şəxslərin qanunazidd hərəkətlərinə himayə vasitəsinə çevrilməsinə yol verilməməlidir.
Əgər Avropa siyasi institutları insan hüquqlarının universallığını müdafiə edirsə, bu prinsip Azərbaycan və digər dövlətlərlə münasibətlərdə də eyni şəkildə tətbiq olunmalıdır.
Avropa küçələrində səslənən etirazların əsl ünvanı
Avropadakı narazılığın səbəblərini yalnız iqtisadi böhran və ya miqrasiya ilə izah etmək də düzgün olmazdı. Burada daha dərin siyasi problem mövcuddur: vətəndaşlarla siyasi elita arasında etimad zəncirinin uzanması.
2026-cı ilin payızında Avropanın müxtəlif ölkələrində gənclərin iştirak etdiyi etiraz aksiyalarında yaşayış xərcləri, təhsilin maliyyələşdirilməsi, mənzil problemi və dövlətin xərcləmə prioritetləri ön plana çıxıb. Almaniya, Fransa, İtaliya və digər ölkələrdə narazılığın fərqli səbəbləri olsa da, ortaq məqam siyasi qərarların vətəndaşların gündəlik ehtiyaclarına kifayət qədər cavab vermədiyi barədə düşüncənin güclənməsidir.
Fermerlərin etirazları isə artıq bir neçə ildir Avropa siyasi gündəmində qalır. Yüksək istehsal xərcləri, ekoloji tənzimləmələr və ticarət sazişləri kənd təsərrüfatı sektorunda ciddi narazılıq yaradıb. Bu proseslərin hamısını vahid siyasi hərəkat kimi təqdim etmək olmaz. Lakin onların ortaq cəhəti siyasi rəhbərliyin qərarları ilə cəmiyyətin gözləntiləri arasındakı ziddiyyətdir. Avropa Komissiyasının öz sənədlərində də yaşayış xərclərinin yüksək olmasının institusional etimada və sosial birliyə mənfi təsir göstərə biləcəyi etiraf olunur.
Belə olan halda Avropadakı narazılığı yalnız populist qüvvələrin fəaliyyəti və ya siyasi manipulyasiyalarla izah etmək problemin mahiyyətini kiçiltmək deməkdir. İnsanlar ilk növbədə öz həyat şəraitinin yaxşılaşmasını, təhlükəsizliyinin təmin edilməsini, sabit gəlir və gələcəyə inam istəyirlər. Siyasi rəhbərlik bu gözləntilərə cavab verə bilməyəndə cəmiyyət alternativlər axtarışına çıxır.
Nəticə: Avropa əvvəlcə öz evinə baxmalıdır
Avropada baş verən etirazlar ayrı-ayrı hökumətlərə yönəlmiş müvəqqəti narazılıq kimi qiymətləndirilməməlidir. Avropanın bütün ölkələrində vəziyyət eyni deyil. Bəzi dövlətlər problemlərə daha çevik cavab verir, digərlərində isə narazılıq daha dərin xarakter alır. Ancaq ümumi mənzərə siyasi rəhbərlikdən əvvəlki yanaşmalarını yenidən nəzərdən keçirməyi tələb edir. Ən böyük paradoks isə ondadır ki, başqa dövlətlərə idarəçilik və demokratiya dərsi keçməyə çalışan bəzi Avropa siyasətçiləri öz cəmiyyətlərindəki problemlərin həllində eyni qətiyyəti nümayiş etdirə bilmirlər.
Belə ki, Azərbaycan da daxil olmaqla müstəqil dövlətlərə münasibətdə siyasi təzyiq və ikili standartlarla müşayiət olunan yanaşmalar Avropanın özünün müdafiə etdiyini bəyan etdiyi dəyərlərə inamı zəiflədir. Bu gün Avropa küçələrində səslənən etirazlar siyasi rəhbərliyə ciddi xəbərdarlıqdır: Vətəndaşların problemlərini həll etmədən dünyaya nümunə olmaq iddiasını qoruyub saxlamaq getdikcə çətinləşir. Avropanın qarşısında duran əsas məsələ başqalarına necə yaşamağı öyrətmək deyil, öz vətəndaşlarının niyə narazı olduğunu anlamaq və bu narazılığın səbəblərini aradan qaldırmaqdır.
Çünki siyasi liderliyin əsl sınağı başqalarına verilən dərslər deyil, öz xalqı qarşısında göstərilən nəticələrdir.
Aqil Vəlili