Avropa Parlamentinin yeddi deputatı Ukraynanın "Mirotvorets" saytının siyahısına daxil edilib.
Oxu.Az saytın məlumatlarına istinadən xəbər verir ki, bundan əvvəl İtaliyanın müxalif "Beş Ulduz Hərəkatı" partiyasının nümayəndələri "Mirotvorets"in bağlanmasını tələb ediblər. Onlar saytın nifrət və dezinformasiya yaydığını bildiriblər.
Bundan sonra Avropa Parlamentinin deputatları Karolina Moraçe, Cüzeppe Antoçi, Valentina Palmezano, Qaetano Pedulla, Dario Tamburrano, Pasquale Tridiko və Mario Furore saytın məlumat bazasına daxil ediliblər.
2014-cü ildə yaradılan "Mirotvorets" saytının məqsədi Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən şəxsləri müəyyənləşdirmək və onların şəxsi məlumatlarını dərc etməkdir. Resurs Ukraynanın daxili işlər nazirinin ştatdankənar müşaviri Anton Geraşenkonun təşəbbüsü ilə yaradılıb.
2016-cı ilədək Ukraynanın Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və digər güc strukturları rəsmi olaraq saytın tərəfdaşları hesab olunublar.